3 jurnalist ilin
yekunlarına görə mükafatlandırıldı
Ənənəvi olaraq Bakı «Kitab Klubu» ilin sonunda kitab haqqında, başqa sözlə,
yeni nəşrlər, kitab sahəsində baş verən yeni layihələr və s. barədə,
həmçinin ictimaiyyəti qurumun həyata keçirdiyi layihələr, təqdimatlar, yeni
nəşrlər, buraxdığı jurnal-kataloqun yeni nömrələri barədə vaxtında və
mütəmadi məlumatlandıran jurnalistlərin əməyinin qiymətləndirilməsinə davam
edir..
Qiymətləndirmə: 2010-cu ildə Kütləvi İnformasiya Vasitələrində səmərəli
fəaliyyəti ilə ölkəmizdə kitab işinin inkişafına etdiyi köməyə görə"
nominasiyasında klubun fəxri diplomu və hədiyyələri ilə təltif edilir.
Dekabrın 25-də Bakı «Kitab Klubu»nun sərgi salonunda keçirilən mərasimdə
klubun direktoru Elxan Rzayev jurnalistlərlə ilin yekunları ilə bağlı
optimistik nəticələrlə bölüşdü, sonra qeyd etdi ki, bu nominasiya 6 ildir
ki, təsis olunub. Qaliblər bu il də mətbuat, informasiya agentlikləri,
televiziya kanalları və s. müstəqil jurnalistləri arasından seçilirdi və bu
il bu sırada bir televiziya işçisi, bir xeberler internet portalı və bir
qəzet var. Bu dəfə 3 jurnalist Bakı «Kitab Klubu»nun təsis etdiyi «2010-cu
ildə Kütləvi İnformasiya Vasitələrində səmərəli fəaliyyəti ilə ölkədə kitab
işinin inkişafına etdiyi köməyə görə» fəxri diplomunu, və Klubun nəşr etdiyi
kitabları qazandı. Əlavə olaraq Sponsorumuz «Azadlıq» Radiosundan hər bir
jurnalistə lazım ola biləcək suvenirlər və başqa sponsorumuz ətriyyat
şirkəti olan «Hunca Cosmetics»in qiymətli hədiyyələri də qaliblərimizə
hədiyyə edildi.
Azadlıq Radiosunun təqdim etdiyi suvenirlər: çanta, 4 Gb. flash yaddaş
kartı, mayka, qələmlər, bloknot, bu il buraxdığı "Seçmə Hekayələr" kitabı
oldu
2010-cu ilin qaliblər isə bunlardır:
- Səma Əhmədova («ATV» televiziya kanalı)
- Kamilə Əliyeva («Nedelya» həftəliyi)
- Əkbər Əli («deyerler.org» xəbərlər portalı)
Kitab Klubu gələcəkdə də bu sahəyə öz bəhrəsini verən media işçisini
mükafatlandırmağa çalışacaq, odur ki, əməyinizi əsirgəməyin, hörmətli
jurnalistlər..
Yeni kitabın təqdimatı:
"Arxeoloqlar. Kurqan və
nekropollarda tarixin xəzinələri"
Noyabrın 20-də Bakı Kitab
Klubunda “Arxeoloqlar. Kurqan və nekropollarda tarixin xəzinələri” adlı
kitabın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı
Kitab Klubunun direktoru Elxan Rzayev qonaqları salamlayaraq, tədbir
barədə məlumat verdi. E.Rzayev Baləkən-Zaqatala bölgəsində aparılan
arxeoloji qazıntılardan bəhs edən və içərisində nadir tapıntılar
haqqında materiallar olan bu kitabın Azərbaycan tarixi üçün
əhəmiyyətindən danışdı. Məqsədlərinin Azəraycan və dünya ədəbiyyatının
təbliğatı olduğunu deyən Kitab Klubunun rəhbəri klubun fəaliyyəti ilə
bağlı qısa arayış verdi. O, sözlərini müəllifə dəyərli məlumatları bir
yerə toplayaraq, kitab halına saldığı üçün öz təşəkkürünü bildirərək
bitirdi.
Sonra AMEA-nın elmi işçisi Dilavər Əzimli söz aldı. O, təqdim edilən
kitaba bu gün böyük ehtiyacın olduğunu dedi. Azərbaycanda abidələrimizə
biganə yanaşıldığını deyən D.Əzimli əlavə etdi ki, bu gün bəzi tarixi
abidələrimiz məhv olma təhlükəsi ilə üzləşib. Həmçinin o, arxeoloqların
çətin və keşməkeşli həyatından bəhs edərək, "Əgər camaat bilsəydi,
arxeoloqlar nə qədər çətin və gərgin iş rejimindədirlər, onda hamı
onlara yardım edərdi",- dedi.
Kitabın müəllifi AMEA-nın Tarix İnstitutunun dissertantı,
tarixçi-etnoqraf Akif Məmmədli isə çıxışında Balakən-Zaqatala regionunun
son zamanlara qədər tədqiqatçıların diqqətindən kənarda qaldığını
bildirdi. Müəllif xüsusi olaraq kitabın ərsəyə gəlməsində böyük rol
oynayan Nəsib Muxtarova öz təşəkkürünü bildirdi. Mən N.Muxtarovdan icazə
alıb, onun tarixi və arxeoloji tapıntıları haqqında bu kitabda
məlumatlar dərc etdirmişəm. A.Məmmədli N.Muxtarlının səhhətindəki
problemlərə görə tədbirdə iştirak edə bilmədiyindən məyus olduğunu dedi.
O, N.Muxtarlının hal-hazırda xəstəxanada olduğunu söyləyərək, Allahdan
ona şəfa dilədi. Müəllif arxeoloq N.Muxtarovun yaratdığı “yeraltı
möcüzələr”i haqqında danışdı. Sonra müəllif Balakəndə yaratdığı şəxsi
muzeyi haqqında məlumat verdi. O bildirdi ki, könüllü insanların
köməkliyi ilə müzey bu gün də fəaliyyət göstərir.
Müəllifin çıxışından sonra tədbirə gələn qonaqlar kitab haqqında
müxtəlif fikirlər səsləndirdilər. Amma bunların içərisində mövzuya
aidiyyəti olmayan fikirlər var idi. Bu fikirlər içərisində ən
maraqlılarını sizə çatdırırıq. "Alim ac olmalıdır. O, tox qarına işləyə
bilməz. Ona görə də bu gün dövlət alimlərimizin maaşını lazımı səviyyəyə
qaldırmır", "Milli Məclisdə həqiqi alimlər, akademiklər olmalıdır, yoxsa
bizim məclis kimi yox", "Alimlərə o vaxt həqiqi qiymət veriləcək ki, o
zaman bizim "milli dövlət"imiz olacaq. Elə bu vaxt yerdən bir nəfər
"milli dövlət" yox, "milli hökumət",-dedi", "Nə qədər ki, ziyalılarımız
seçki saxtakarlıqlarına göz yumur, biz bu gündə qalacağıq" və s.
Tədbirin sonunda müəlllif gələn qonaqlara öz yeni kitabından hədiyyə
etdi..
2 kitabın təqdimatı: “Qadın
düşərgəsi” və “Günahsız qatil”
Kişilər üçün kitab -
nəsrimizdə qadın cinayətindən bəhs edən yeni əsərlər..
Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Rövşən
Yerfinin iki yeni kitabı işıq üzü gördüyündən hər iki kitabın təqdimat
mərasimi oktyabrın 16-da Kitab klubunda keçirildi.
Bunlar “Qadın düşərgəsi” və “Günahsız” qatil” kitablarıdır. Rövşənin
Yerfinin Lent.az-a verdiyi məlumata görə, “Qadın düşərgəsi” kitabında
qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən,
düşərgələrdəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə
düşməyə gətirən səbəblərdən bəhs edilir. Bu, kişilər üçün
kitab-nəsrimizdə qadın cəza evindən bəhs edən ilk əsərdir. Müəllifin
sözlərinə görə, povestin bu mövzuda yazılmış digər əsərlərdən böyük bir
fərqi də onların xidmət əməkdaşı tərəfindən qələmə alınmasıdır: “Bu
kitab həqiqi faktlar əsasında qələmə alınıb. Çünki mən özüm həbsxana
əməkdaşı olmuşam”.

“Qadın düşərgəsi”ndən fərqli olaraq isə, “Günahsız” qatil” kitabı
müəllifin təxəyyül məhsulu sayılır: “Qadın səadəti... Qadını o səadətə
yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması... Sevgidən
yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Nəticədə sevgi umduğu
insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi.
Kitabın ideyası budur”.
Qeyd edək ki, Rövşən Yerfinin 2004-cü ildə işıq üzü
görən ilk kitabı – “Üzdəniraq ada” romanı və “Residivist” povesti də
cəzaçəkmə müəssisələrinin 1995-1998-ci illərdəki dövründən bəhs edir.
Təqdimatda bu mövzular (qadın cinayəti) qızğın
dialoqlara gətirib çıxartdı, cinayətlərin kökünü axtarmağa doğru
yönəldi. Maraqlı söhbətlərlə dolu tədbir müəllifin imzalanma mərasimi
ilə sona çatdı..
Gələn qonaqlara (bir çoxuna) kitablar bağışlanıldı..
Rövşən Yerfi (Rövşən Həsənli Həsənbaba oğlu)
1965-ci ilin aprelin 20-də Quba rayonunun Yerfi kəndində anadan
olmuşdur.
1988-ci ildən respublika qəzetlərində ("Bakı", "Azərbaycan gəncləri",
"Azərbaycan", "Mədəniyyət", "Bakının səsi", "Aydınlıq", "7 gün",
"Mübarizə", "Millət", "Şəfqət", "Radikal", "Kaspi" və s.) məqalələri çap
olunub. 1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilib.
Yeniyetmə çağlarında şeir və mənsur şeir yazmaqla yaradıcılıqla məşğul
olsa da, əsasən 1987-ci ildə yazdığı "May çiçəyi" hekayəsi ilə fəal
ədəbi fəaliyyətə başlamışdır. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc
olunub. Həmin il "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin
nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq
üzü görüb.2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata
keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilmişdir. 2009-cu ildə
"Residivist", 2010-cu ildə "Qadın düşərgəsi", "Günahsız qatil" adlı
kitabları çap edilmişdir.Bundan əlavə əsərləri müxtəlif qəzetlərdə
("Günaydın", "Şəfəq", "Mübarizə", "168 saat", "Serial", "Avtoritet",
"Xudafərin", "Nəbz", "Sənət", "Kaspi", "Həftə içi" və s.), saytlarda
(Yenisi,net, Parlaq.org, Azadliqradiosu.az, Doqquziklim.net,
Edebiyyat.net), "Azərbaycan", "Ulduz", "Mars", "Aran", "Eko-inter"
jurnallarında, üzvü olmuş "Dirili Qurbani" ədəbi məclisinin beş
almanaxında nəşr olunmuşdur. Bir roman, səkkiz povest, yüzə yaxın
hekayə, kiçik esse, mənsur şeir və altmışadək məqalənin müəllifidir.
Rövşən Yerfi - nasir, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü.
e-mail: r.yerfi@gmail.com
Müəllif və onun yaradıcılığı haqqında əlavə məlumat -
http://rovshenyerfi.wordpress.com/ saytında
“Dünya Ədəbiyyatı Kitabxanası”nın abunəçilərinin sayı 900 nəfəri
keçib
Bakı Kitab Klubunda “Dünya Ədəbiyyatı
Kitabxanası”nın abunəçilərinin sayının 900 nəfəri keçməsinə həsr olunmuş
tədbir keçirilib. Tədbiri çıxış sözü ilə açan Kitab Klubunun direktoru
Elxan Rzayev qonaqları salamlayıb, tədbir barədə məlumat verdi,
abunəçilərin sayının 900-ə çatmasına sevindiyini bildirdi: “Azərbaycan
vətəndaşının dünyagörüşünün formalaşmasında, qloballaşan dünyada
başqaları ilə təmas qurmasında, xaricdə yaşayan həmvətənlərimizin öz
dillərini qoruyub saxlamasında bu layihənin xüsusi rolu olacaq. “Dünya
Ədəbiyyatı Kitabxanası” layihəsi çərçivəsində 150 kitab nəşr ediləcək.
Bu kitablar “Klassik dünya ədəbiyyatı”, “Müasir dünya ədəbiyyatı”,
“Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri” və “Dünya
ədəbiyyatı” üzrə antologiyalar olaraq dörd qrupa bölünüb. Bizim bu
layihədə işimiz abunə işini təşkil etməkdən ibarət olub. Artıq
abunəçilərimizin sayı 900-ü keçib. Ümumiyyətlə bizim 1000 abunəçi
yazmağa icazəmiz var. Ola bilsin ki, tələbatın çox olduğunu görüb,
abunəçi sayını artırmaq üçün müraciət edək”.
E. Rzayev deyib ki, orta hesabla layihəyə hər ay 56 nəfər abunə yazılır:
“Bu kampaniya ilə əlaqədar bütün kitabsevərlərə bir daha bildirmək
istəyirəm ki, bizim qalan abunə dəstlərimizin sayı artıq 100-dən
aşağıdır və ona görə də abunə yazılmaz arzusunda olanların tələsməsi
məsləhətdir”.
Hal-hazırda Azərbaycanda kitab çapı sahəsində əsas problemlərdən biri
kimi rəssam qıtlığını önə çəkən klubun direktoru digər bir problem kimi,
Azərbaycanda kitaba marağın az olmasından şikayətləndi. Elxan Rzayev
qeyd etdi ki, indi bir kitabın orta tirajı 500 ədəd təşkil edir və orta
satış qiyməti də 5 AZN-dir. Bu göstəricilər, əlbəttə ki, yaxşı bir
rəssamla işləməyə kifayət etmir. Amma klubun direktoru bu sahədə işlərin
görüldüyünü də vurğuladı.
Tədbirdə həmçinin Azərbaycan Rəssamlar İttifaqının üzvü,
rəssam-tərtibatçı Tərlan Qorçu da çıxış edərək tədbir iştirakçılarının
suallarını cavablandırdı. “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından
çap olunan kitabların tərtibatçısı Tərlan Qorçu bildirdi ki, kitablara
dizayn verməzdən öncə hər kitabın məzmunu ilə tam tanış olur. O,
kitablara tərtibat verərkən çətinlik hiss etmədiyini və bu işdən çox
böyük zövq aldığını söyləyib. “Dünya Ədəbiyyatı Kitabxanası”
seriyasından növbəti kitablar haqda danışan Tərlan Qorçu kitabların bu
dəfəki nəşrində üz qabıqlarının daha çox ağ fondan isifadə edilməsinin
səbəbini belə açıqladı: “Son 3-4 ildə dünyada kitab nəşrlərinə baxanda
görürük ki, kitabların üz qabığı əsasən ağ fonda olur. Bu, bir dəbdir.
Biz də müəyyən mənada bu dəblə uyğunlaşmağı düşündük”.
Tədbirdə bu seriyaya abunə olan və ən çox kitab alan abunəçilər də
iştirak edib.
Konfransın rəsmi hissəsi bitdikdən sonra qonaqlar kitablarla tanış
oldular, Kitab Klubunun direktoru Elxan Rzayevə suallarını verib,
maraqlandıqları məlumatları əldə etdilər. Tədbirin sonunda çay süfrəsi
quruldu. Tədbirin təşkilatçıları və qonaqlar səmimi söhbəti stol
arxasında davam etdirdilər.
“Baron Münhauzenin macəraları” orijinal
tərcümədə
Bakı “Kitab Klubu”nda “Baron Münhauzenin macəraları” adlı uşaq kitabının
təqdimatı keçirilib.
“Kitab klubu”nun öz nəşri olan bu İllüstrasiyalı kitab ilk dəfə olaraq
Azərbaycan dilinə nəzm, yəni şeirlər şəklində tərcümə olunub.
Məlum olduğu kimi Gottfried Bürger və Rudolf Raspe “Baron Münhauzenin
macəraları”nı nəsr şəklində yazıblar və bu əsər dünya dillərinə də nəsr
şəklində tərcümə olunub.
Kitaba Münhauzenin ilk 14 sərgüzəşti daxil edilib.
“Baron Münhauzenin macəraları” dünya macəra ədəbiyyatının ən parlaq
nümunələrindən biridir.
Əsər yalançılığı ifşa edir.
Əsər sovet dövründə Azərbaycan dilinə nəsrlə çevrilib və "Dünya Uşaq
Ədəbiyyatı" seriyasında çap edilib.
Bu dəfə tərcüməçilər Yusif Yanar və Pərvan kitabı Azərbaycan dilinə
nəzmlə çeviriblər.
Tərcüməçilər əsərin nəzmlə tərcüməsinin onu daha da cazibədar edəcəyi
qənaətindədirlər.
Qeyd edək ki, tərcümədə hər macəraya məzmuna uyğun ad verilib.
Tərcüməçilər gələcəkdə oxucuları digər macəralarla da tanış edə
biləcəklərinə ümid edirlər.
Kitab uşaqlı-böyüklü bütün yumor, satira və fantastika həvəskarları üçün
nəzərdə tutulub.
Rəngli-illüstrasiyalı kitab 20 səhifədən ibarətdir.
Kitabı Kluba zəng etmək və ya e-mail göndərməklə əvvəlcədən sifariş edə
bilərsiniz. Sifariş edəcəyiniz halda kitabı cəmi 3 manata əldə edə
biləcəksiniz.
Kitabdan bəzi şeir parçalarını oxucuların nəzərinə təqdim edirik:
Birdən çıxdı qarşıma
Əsrarəngiz bir maral
Gözəlliyi deyirdi
Ovçu, mənə bax, mat qal!
***
Əsgər igid olanda
Ondan qaçar təhlükə.
Ovçunun da uğuru
Bağlıdır zirəkliyə.
Kitab Klubunda mərhum Sabir
Əhmədlinin "Yazılmayan yazı" kitabının
təqdimatı keçirildi
İyulun
10-da Kitab Klubunun sərgi salonunda xalq yazıçısı Sabir Əhmədlinin
vəfatından sonra çap olunmuş ilk romanı - "Yazılmayan yazı"nın
(ixtisarla) təqdimatı keçirilmişdir. Tədbirdə Seyran Səxavət (yazıçı),
Aqşin Babayev (yazıçı), Cəmil Həsənli (tarixçi, millət vəkili), Çingiz
Sultansoy (jurnalist), Nəriman Əbdürrəhmanlı (yazıçı, tərcüməçi),
Xaləddin Xəlilli (etnoqraf) və başqa şəxslər iştirak etmişlər. Tədbiri
giriş sözü ilə Kitab Klubunun direktoru Elxan Rzayev açmışdır.
Xalq
yazıçısı, əməkdar incəsənət xadimi Sabir Məhəmməd oğlu Əhmədli 1930-cu
il iyulun 10-da Cəbrayılda doğulmuşdur. İkinci Dünya Müharibəsi
qəhrəmanı Cəmil Əhmədovun qardaşıdır. ADU filologiya fakültəsini
bitirmiş, yaradıcılığa tələbəlik illərindən başlamış, 1951-ci ilin
mayında "Pioner" jurnalında "Poçtalyon" hekayəsi çap olunmuşdur.
"Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, nəsr
şöbəsinin müdiri (1956-1993) işləmişdir. 1955-ci ildən AYB-nin üzvü
olmuş, əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş (1984),
"Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991) olmuşdur. 1992-ci ildə ona
Azəbaycanın xalq yazıçısı fəxri adı verilmişdir. Sabir Əhmədli 2009-cu
il aprelin 17-də Bakıda vəfat etdi.
Kitab Klubunda Asif Atanın «Kutsal
Öyrəti» kitabının
təqdimatı keçirildi
Iyul
un
3-də
Kitab Klubunda İnam Atanın (Asif Atanın) «Kutsal Öyrəti» kitabının
təqdimatı olub. Tədbirdə Mütləqə İnam Ocağının Evladları və Azərbaycanın
tanınmış aydınları iştirak ediblər. Tədbiri giriş sözüylə açan Kitab
Klubunun rəhbəri Elxan Rzayev öncə də burada Mütləqə İnam Ocağının
kitablarının təqdimatının keçirildiyini vurğulayıb, Atanın milli-bəşəri
ideyalarının daim yaşarı olacağına əminliyini bildirib, habelə «Kutsal
Öyrəti»ni oxumaqdan aldığı zövqü ifadə edib. Sonra o, tədbiri aparmaq
üçün sözü Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalıya verib. İşıqlı
Atalı Ocağın ardıcıl işlərinin özülündə duran insaniliyin bənzərsizliyi
barədə danışıb, «Kutsal Öyrəti»nin ulusal-bəşəri sabah yaradacağına
inamını bildirib: «Biz Atanın dediyini ömrümüzdə yaşayırıq. «Kutsal
Öyrəti»nin tələbi canlı həyat tərzimizdir. «Kutsal Öyrəti» ruhani
(insani) dərslikdir, habelə bəşərin üzüağlığı, ən ləyaqətli
səhifəsidir.» Mütləqə İnam Ocağının Odqoruyanı (Başçısı) Safruh «Kutsal
Öyrəti»nin yaranma tarixi, 22 ildən sonrakı nəşrinin gərəkliyini ayrıca
vurğulayıb: «Ocaqçı ali sözü yaşadan, ona əməl edəndir. Mütləqə İnam
Dünyabaxışı bütün bəşər üçündür». Safruh kitabın işıq üzü görməsi
münasibətilə aydınlarımızı təbrik edib. Araşdırmaçı Sabir Yanardağ
çıxışında Mütləqə İnam Ocağının araya-ərsəyə gətirdiyi «Kutsal
Öyrəti»nin nəşrini müqəddəs hadisə sayıb: «Asif Ata həmişə zamanın
fövqündə olub. Bu gün onun böyüklüyü daha aydın və uca bilinməkdədir.
Mütləqə İnam Bənzərsiz Yoldur». Professor Qüdrət Əbdülsəlimzadə tərtib
etdiyi iki cildlik kəlamlar toplusunda Ataya da istinadının səbəbini
belə izah edib: «Onun bütün fikirləri kəlam siqlətindədir».
Ocaq dostu Qəşəm Ruhdaş Ocağın ruhani addımlarından, «Kutsal Öyrəti»nin
nəşrindən aldığı fərəhini ifadə edib, şeirlərindən oxuyub. Professor
Nizami Tağısoy «Kutsal Öyrəti»ni oxuyandan sonra aldığı təəssüratları
belə bölüşüb: «Asif Atanı ardıcıl oxumağa başlamışam, ruhuma çox doğma
sanıram. Ata türk etnosumuzun, etik təfəkkürümüzün əvəzsiz
daşıyıcısıdır. Gələcəyə yolumuz yalnız haqqa, ədalətə mütləq tapınmaqdan
keçir. Bu da yalnız Ata ideyaları əsasında yaşamağımızla mümkün ola
bilər». Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, tanınmış
ədəbiyyatşünas Maarif Teymur: «Asif Ata Türk Dünyasının mənən təsdiqini
istəyirdi. «Kutsal Öyrəti»də bəşərin mahiyyəti bənzərsiz şəkildə
təsdiqini tapıb» - deyib. Yazıçı-publsist Əlisahib Əroğul Atanın
«İnsanlaşın, İnsanlaşdırın!» çağırışının bənzərsizliyinə və xilas
olmasına, sadə göründüyü dərəcədə də mürəkkəbliyinə diqqəti çəkib: «Bu
çağırış bizim təkamülümüzdür. Cəmiyyətin qurulması bundan keçir».
Türkoloq Əli Kərimbəyli «Kutsal Öyrəti»nin təqdimatını «türk milli
təfəkkürünə qayıdış» adlandırıb: «Ata sarsılmaz əqidə adamıydı. Onu
qətiyyən sındıra bilmədilər. Bu kitab millətimizə və ümumən insanlığa
böyük mənəvi güc verəcək». Kitab Klubunun əməkdaşı Fazil Kərimli
yaradıcı nəsillərin Asif Ata ideyalarından ardıcıl bəhrələndiyinə
diqqəti çəkib. Başqa çıxışçılar - Seyfəddin Mənsimoğlu, Ocaq Dostu Davud
müəllim, Ocaqsevər Hüseyn bəy və anası, habelə Doğma Atalı, Yolruh Atalı
və başqaları da «Kutsal Öyrəti» barədə qənaətlərini söyləyiblər. Sonda
iştirakçılara «Kutsal Öyrəti», habelə digər Ocaq soraqları hədiyyə
edilib, xatirə şəkilləri çəkilib.
Kitab Klubunda Çingiz Abdullayevin "Saturnun tövbəsi" kitabının
təqdimatı keçirildi
İyunun 8-də Kitab Klubunda xalq yazıçısı
Çingiz Abdullayevin Azərbaycan dilinə tərcümə olunmuş “Saturnun tövbəsi”
kitabının təqdimat mərasimi keçirilib. Əsərin tərcüməçisi Təbəssüm
Muxtarova deyib ki, bu, onun Çingiz Abdullayev yaradıcılığından tərcümə
etdiyi beşindi kitabdır: “Çingiz Abdullayevin kitablarını tərcümə etmək
o qədər də çətin deyil, çünki onun çox asan və başa düşülən dili var.
Düzdür, bəzən problemlər meydana çıxır, bu da jarqonlar və oğruların
dilindən deyilən ifadələrlə bağlı olur. Ancaq bu problemlərin də
öhdəsindən Çingiz Abdullayevin köməkliyi ilə gəlirik”.
Çingiz Abdulalyev bu əsəri İspaniyada yazdığını söyləyib: “Bu əsəri
İspaniyada 20 gün ərzində yazıb qurtarmışam. Çox maraqlıdır ki, mənim
çoxsaylı kitabım çıxıb, amma bu kitabın rus, gürcü və fransız dilində
tərcümələrinin də digər ölkələrdə təqdimatı keçirilib. Bilmirəm bu
kitabın sirri nədədir. Bu əsərdə ən vacib fikir odur ki, ər və arvad
boşanırsa, ana uşağa ataya nifrət hissi aşılamamalıdır. Ən azı övlad
ataya hörmət hissi bəsləməlidir. Hörmət olmayanda isə nəticəsi çox
faciəli olur. Bəzən mənə deyirlər ki, sən detektiv yazmırsan, bizi
aldadırsan, deyirsən detektivdir, ancaq əslində sosial problemləri
işıqlandırırsan. Bəlkə də bu doğrudur. Ola bilsin ki, bu kitab məhz bu
xüsusiyyətinə görə maraqlıdır”.
Xalq yazıçısı əsərin tərcümə variantını oxuduğunu və bəyəndiyini də
vurğulayıb: “Razı olmasaydım, çapına icazə verməzdim”.
BAKIDA KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR
Mayın 26-da M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin təşkilatçılığı ilə 28 may - Respublika Gününə həsr
olunmuş “Kitab bayramı–2010” satış-sərgisi keçirilmişdir.
“Kitabla dünyanı fəth et!” şüarı altında keçirilən bayramda Vətən,
ekologiya, tarix, coğrafiya, milli musiqi, mədəni irs, ümumiyyətlə 20
mövzunu əhatə edən 2056 adda 30 minə yaxın kitabdan ibarət sərgi təşkil
olunmuşdur.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil
olan 80-dən çox kitabxana, kitab klubu, M.Seyidzadə adına
kitabxana-mağaza, “Əli və Nino” kitab evi, Bakıda fəaliyyət göstərən
nəşriyyatlar iştirak etmişlər.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) rəisi Əlikram Əliyev
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın
ölkəmizdə yaradıldığını bildirmiş, cəmi 23 ay yaşamış bu dövlətin
iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə gördüyü
böyük işlərdən söz açmışdır.
Natiq gənclərin və uşaqların elmə, mütaliəyə marağının artırılması
məqsədi ilə mayın 1-dən regionlarda keçiriləcək kitab bayramlarının və
bu gün Bakıda keçirilən satış-sərginin böyük əhəmiyyətini vurğulamış,
kitabsevərləri təbrik etmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
kitabsevərləri təbrik etmiş, bayramın təşkil edilməsində əməyi olan
BŞMTİ-yə minnətdarlığını bildirmişdir.
Kitab bayramında Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin
kollektivləri, Bakı Uşaq Teatrı, “Cəngi”, “Aysel” və “Şəms” rəqs
qrupları çıxış etmişlər.
Görkəmli rəssam Elçin Muxtar Elxanın “Rəssam
və kompüter”
kitabının təqdimatı keçiril
di
Mayın 7-də Kitab Klubunun Sərgi
Salonunda Elçin Muxtar Elxanın “Rəssam və kompüter” adlı albom-kitabının
təqdimatı keçirilib.
Görkəmli rəssamın əməyinin nəticəsi
olaraq ərsəyə gələn bu kitabda yerləşdirilən şəkillər insanı düşündürür
və onu müəlliflə birlikdə rənglər aləminə səyahət etməyə sövq edir.
Təqdimatda görkəmli rəssamın məsləkdaşları, Azərbaycan incəsənətində
ozünəməxsus yeri olan sənətkarlar iştirak ediblər. Tədbiri Kitab
Klubunun direktoru Elxan Rzayev açıb və rəhbərlik etdiyi qurumun
Azərbaycanda nəşr olunan kitabların təbliği ilə yanaşı mədəniyyət və
incəsənətimizin tanınmış simaları ilə vaxtaşırı belə görüşlər keçirərək
onların əsərlərinin cəmiyyətin diqqətinə çatdırılmasında da yaxından
iştirak etdiyini söyləyib. Daha sonra “Oğuz Eli” qəzetinin redaktoru
Azər Abdulla, rəssam Rasim Nəzirov, sənətşünaslardan Sevil Bədəlova və
Rəhman Bədəlov çıxış edərək görkəmli rəssamın kompüter qrafikası
sahəsindəki yaradıcılığına bir daha nəzər salıb, oxucu diqqətinə
çatdırılan bu albomun E.M. Elxanın çalışmalarının bəhrəsi olduğunu
vurğulayıblar. Sonda rəssam əl işləri və kompüter qrafikası ilə işlədiyi
əsərləri nümayiş etdirərək tədbir iştirakçılarını bir anlıq da olsa özü
ilə birlikdə rənglər aləminə səyahət etməyə sövq edib.
Qeyd edək ki, Elçin Muxtar Elxan (Aslanov) Sankt-Peterburq Rəssamlıq
Akademiyasını bitirib. Təsvir sənətinin kitab qrafikası, rəngkarlıq və
səhnə tərtibatı sahələrində işləyib. Böyük uğurlara imza atan E.M. Elxan
“Respublikanın əməkdar rəssamı”, Prezident təqaüdçüsüdür.
Tədbirin sonunda müəllif gələn qonaqlara öz təşəkkürünü bildirib, onlara
“Rəssam və Kompüter” kitabından bağışladı.
"Kitab Klubu"nda "
Tapmacalar
",
"Hansı peşəni seçim?" və "Su pərisi və balıqçı" kitablarının təqdimat mərasimi
keçirilmişdir
Aprelin 14-də kitab klubunun sərgi salonunda
Gülzar İbrahimovanın “Tapmacalar”, “Hansı peşəni seçim”, “Su pərisi və
balıqçı” kitablarının təqdimatı olmuşdur.
Kitab klubunun direktoru Elxan Rzayev, Prezident təqaüdçüsü, şair İlyas
Tapdıq, şairlər Oqtay Rza və Qəşəm Nəcəfzadə Gülzar İbrahimovanın yeni
kitablarından, onların balaca oxuculara müsbət təsirindən danışmışlar.
Bildirilmişdir ki, bundan əvvəl G.İbrahimovanın uşaqlar üçün “Tülkü balası”,
“Göydə neçə ulduz var?”, “Mən daha böyüyəm”, “Sehrli təbib”, bütövlükdə
40-dan çox kitabı nəşr edilmişdir.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin 4-cü sinif şagirdləri
G.İbrahimovanın şeirlərindən parçalar oxumuşlar.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını
bildirmiş, yaradıcılıq planlarından danışmışdır. O, hazırda “1001 nağıl”
kitabını hər cildi 100 səhifədən az olmamaqla 10 cilddə çapa hazırladığını
bildirmişdir.
"Kitab Klubu"nda "Bakı Dövlət
Universitetinin nəşriyyatçılıq fəaliyyəti" kitabının təqdimat mərasimi
keçirilmişdir
Aprelin 7-də Kitab klubunda tarix elmləri
doktoru Bayram Allahverdiyevin “UniPrint” nəşriyyatında çapdan çıxmış “Bakı
Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” kitabının təqdimatı
keçirilmişdir.
Kitab klubunun direktoru Elxan Rzayev, yazıçı-publisist Knyaz Aslan kitabda
Bakı Dövlət Universiteti (BDU) nəşriyyatının yaranması, formalaşması və
inkişafından bəhs edildiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, ilk
dəfə olaraq bu nəşrdə çap proseslərində universitet rektorlarının, nəşriyyat
direktorlarının rolu, baş redaktorların, redaksiya müdirlərinin, bədii,
elmi, texniki redaktorların fəaliyyəti şərh edilmişdir.
BDU-nun professorları Abuzər Xələfov, Qara Namazov, İsmayıl Vəliyev,
yazıçı-publisist Flora Xəlilzadə və başqaları vurğulamışlar ki, tarix
elmləri doktoru, professor, qabaqcıl təhsil işçisi, Bakı Dövlət
Universitetinin kitabxanaçılıq və nəşriyyat işi kafedrasının müdiri Bayram
Allahverdiyevin bundan əvvəl nəşr olunmuş “Kitablar haqqında kitab”,
“Kitabxanaşünaslıq”, “Müasir mərhələdə kitab ticarətinin təşkili”, “Ümumi
kitab tarixi” kitabları ölkəmizdə nəşriyyat işinin yaxşılaşdırılmasına,
çapdan çıxmış kitabların yayılması prosesinə və kitab nəşri sahəsində
mütəxəssislərin yetişməsinə müsbət təsir göstərmişdir.
Sonda Bayram Allahverdiyev tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirmiş, gələcək planlarından danışmışdır.
"Kitab
Klubu"nda jurnalistlərin mükafatlandırma mərasimi keçirilmişdir
Dekabrın 25-də "Kitab Klubu"nda kitab işinin
təbliğində göstərdikləri xidmətə görə jurnalistlərin mükafatlandırma
mərasimi keçirilmişdir. Jurnalistlər "Kitab Klubu"nun rəhbərliyi tərəfindən
diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. İl ərzində
jurnalistlərin kitab işinin təbliği istiqamətində gördüyü işlər nəzərdən
keçirilmiş və 5 jurnalist mükafatlandırılmışdır:
Fərqanə Gülməmmədova (Space TV);
Cəvahir Səlimqızı ("Mərkəz" qəzeti);
Zahir Əmənov ("Cənub xəbərləri" qəzeti)
Natiq Güləhmədoğlu ("Azadlıq" qəzeti)
Kəbutər Haqverdiyeva ("Yeni Azərbaycan"
qəzeti)
150 cildlik Dunya Ədəbiyyatı Kitabxanası
seriyasında çapdan çıxmış növbəti 6 kitabın təqdimatı oldu
Dekabrın 23-də Xəzər Universitetinin
binasında 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanasına daxil olan növbəti 6
kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Kitab Klubunun
direktoru Elxan Rzayev, "Tutu" nəşriyyatının direktoru Tərlan Qorçu, Bakı
Slavyan Universitetinin prorektoru Asif Hacılı və "Şərq-Qərb" mətbəəsinin
nümayəndəsi Rövşən Ağayev çıxış etmişlər. Natiqlər Yunus Əmrənin "Seçilmiş
əsərləri"nin, Puşkinin "Seçilmiş əsərləri"nin, Lev Tolstoyun "Seçilmiş
əsərləri"nin I cildinin, Daniel Defonun "Robinzon Kruzo" əsərinin, İngilis
ədəbiyyatı antologiyasının və Nazim Hikmətin "Seçilmiş əsərləri"nin dilimizə
tərcümə olunaraq yeni qrafika ilə çap edilməsinin əhəmiyyətini
vurğulamışlar.
Kitab Klubunda yeni təqdimat - "Hər
zaman və heç vaxt"
Oktyabrın 31-də Kitab Klubunda gənc şair Səxavət Sahilin "Hər zaman və heç
vaxt" adlı şeirlər kitabına təqdimat keçirildi. Təqdimatda yazıçı Səlim
Babullaoğlu aparıcılıq etdi. İlk söz Kitab Klubunun direktoru Elxan Rzayevə
verildi. O, kitabı oxuyub bəyəndiyini bildirdi və bu janrın (şeirin azad
forması) gələcəkdə genişlənməsini ehtimal sürdü. Tədbirdə qələm əhli, şairin
qələm dostları iştirak edərək, kitabla bağlı fikirlərini bölüşdülər.
Tanınmış şair Yusif Nəğməkar da gənc şairə öz ürək sözlərini əsirgəmədi.
Qeyd edək ki, kitaba xalq şairi Sabir Rüstəmxanlı ön söz yazıb. Kitabda
əsasən müəllifin müasir üslubda yazdığı şeirləri toplanıb. Sevgi, insan,
həyat, zaman və digər mövzular kitabda əhatə olunub.
Tədbirin sonunda müəllif öz kitablarını imzalayaraq qonaqlara və media
işçilərinə payladı.
150 cildlik Dunya Ədəbiyyatı Kitabxanası
seriyasında çapdan çıxan
ilk 6 kitabın təqdimatı oldu
Oktyabrın
22-də Bakı Slavyan Universitetində (BSU) Prezidentin sərəncamı ilə nəşr
edilən “Dünya
Ədəbiyyatı Kitabxanası” (DƏK) seriyasından nəşr edilmiş 6
kitabın təqdimat mərasimi keçirilmişdir.
BSU-nun prorektoru professor Asif Hacıyev Kitab klubunun təşkilatçılığı
ilə nəşr olunmuş Homerin “İliada” və “Odisseya” poemalarının, Çexovun,
Şekspirin, Jül Vernin, Sədi Şirazinin seçilmiş əsərlərinin tərcümə
olunaraq dilimizdə nəşr edilməsini böyük hadisə adlandırmışdır.
Kitab Klubunun direktoru Elxan Rzayev Prezident İlham Əliyevin
uzaqgörənliklə imzaladığı bu sərəncamın əhəmiyyətindən danışaraq, DƏK-in
siyahısına daxil olan 150 kitabdan 45-nin klassik dünya ədəbiyyatına,
40-nın müasir dünya ədəbiyyatına, 40-nın Nobel mükafatına layiq görülmüş
müəlliflərin əsərlərinə, 25-nin dünya ədəbiyyatı üzrə antologiyalara aid
olduğunu bildirmişdir.
Tədbirdə seriyanın tərcüməçiləri, redaktorları, tərtibatçıları və
naşirləri oxucuları maraqlandıran sualları cavablandırmışlar.
Balakəndə "Etnoqrafiya Muzeyi"nin açılışı
oldu
Kitab Klubu böyük məmnuniyyətlə bildirir ki, 12 sentyabr
2009-cu ildə Balakən şəhərində tarixçi Akif Məmmədlinin şəxsi təşəbbüsü və
vəsaiti ilə yaradılmış "Etnoqrafiya Muzeyi"
açılmışdır.
Etnoqrafiya xalqın keçmişini, milli-mənəvi dəyərlərini
göstərən aynadır. Balakən isə bir neçə dövlətin sərhədində yerləşən qədim
Azərbaycan şəhəri, çox əski yurd yeridir.
Muzeydə nümayiş etdirilən mikrolitlər, tunc dövrünə aid silahlar, qədim
geyimlər, müxtəlif saxsı küplər və məişət əşyaları – sadə mis qablar və
toxuculuq məmulatları burada insanların məskunlaşma tarixinin çox qədim
olduğunu sübut edir. Qədim tunc əşyalardan tutmuş, geyimə, əşyalar
üzərindəki ornamentlərə qədər bütün elementlər Azərbaycanın tarixi və
mədəniyyəti ilə bağlıdır.
Kitab klubu Akif Məmmədliyə bu gərəkli işdə müvəffəqiyyətlər arzu edir,
qədirbilən xalqımızı Balakən etnoqrafiya muzeyinin açılışı münasibəti ilə
təbrik edir və muzeyin daha da inkişaf etdirilib genişləndirilməsi işinə öz
yardımlarını əsirgəməməyə çağırır.
Muzeyə yardım etmək istəyənlər öz ianələrini Kitab Klubuna təqdim edə
bilərlər.
BAKIDA BİRİNCİ BEYNƏLXALQ KİTAB
SƏRGİ-YARMARKASI KEÇİRİLDİ
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 10-12 sentyabrda 1-ci Bakı
Beynəlxalq Kitab Yarmarkası keçirdi.
Sərgi Muzey Mərkəzində "Bakı - İslam Mədəniyyəti Paytaxtı" ili çərçivəsində.
İlk dəfə stend və avadanlıqlar nəşriyyat evlərinə pulsuz verilmişdir.
Sərgidə ölkədə fəaliyyət göstərən 60 nəşriyyatın, eləcə də 30 ölkədən
nümayəndə heyəti iştirak edirdi . Sərgidə Rusiya, Belarus, Ukrayna,
Gürcüstan, Moldova, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan, BƏƏ, Qətər, və s. ölkələr iştirak etdilər.
Kitab Klubunda İsmihan Yusubovun
"Matematik güzeldir:
Anlamanın sevinci ve kederi" kitabının təqdimat
mərasimi keçirildi.
İyulun 1-də Kitab Klubunda ismihan Yusubovun "Matematik
güzeldir: Anlamanın sevinci ve kederi" adlı kitabının teqdimat merasimi
keçirildi.
“Dosta Məktub”, “Postskriptum” kitablarından tanıdığımız,
ali məktəb tələbələri üçün bir neçə dərs kitabının və bir şeir kitabının
müəllifi olan, hazırda Türkiyənin Sakarya universitetində işləyən İsmixan
Yusubovun yeni kitabı işıq üzü görmüşdür. Kitab “7 Rəng Basım Yayın ve
Filmçilik Ltd. Şti” tərəfindən İstanbulda nəşr olunmuşdur. Kitaba ön sözü
Türkiyənin tanınmış filosofu Sait Başer, son sözü isə “Bilim ve Gelecek”
jurnalının baş redaktoru Ender Helvacıoğlu yazmışdır. Kitab, müəllifin
riyaziyyat, təhsil, elm tarixi, elm fəlsəfəsi və digər yaxın sahələrdə son
illərdə qələmə aldığı nisbətən populyar məqalələrindən təşkil olunmuşdur.
Riyaziyyatla bağlı bölümdə sonsuzluqlar aləmində sayma məsələsi, məşhur
riyaziyyatçıların uşaqlığı və “uşaq riyaziyyatçılar”, çətin problemlərin
asan həlləri, bərabərsizliklərin dəyəri və riyaziyyatdakı önəmi kimi
mövzular haqqında bəzi maraqlı mülahizələrə yer verilmişdir. Təhsillə bağlı
bölümdə isə əsasən mühəndislərin təlimində riyazi təməl, hədəfin
müəyyənləşdirilməsi və tarixə müraciətin önəmi qeyd olunmuş, mücərrəd
qavramaları anlamaq üçün model nümunələrinin düzgün seçilməsinin vacibliyi
vurğulanmışdır.
Bilim tarixi bölümü türk riyaziyyatçısı Cahit Arf, Hindistanlı dahi
Sirinivaza Ramanucan haqqındakı cazibədar hekayələrlə yanaşı, Peterburq və
Moskva riyazi məktəblərinin tarixindən parlaq səhifələr və son olaraq da
astronomiyada yeni bir dövr açan Keplerin macəralarla dolu həyatı ələ
alınmışdır. Bilim fəlsəfəsi bölümü riyazi isbatın fəlsəfi, psixoloji və
hətta fizioloji komponentlərinə, riyaziyyatda inanmaq və anlamaq
məsələlərinə həsr edilmişdir.
“Təbii hekayələr” adlı son bölümdə Xudu Məmmədovun xatirəsinə həsr olunmuş
“Təbiətin keyfiyyət möhrü - simmetriya”, “Molla Nəsrəddindən alınacaq
didaktik dərslər” və “Riyaziyyatın roman ve faciə yönləri” kimi yazılar yer
almışdır. Birinci məqalədə təbiətdə geniş yayılmış simmetriya hadisəsinin
müxtəlif elm sahələrindəki, o cümlədən kristalloqrafiyadakı aparıcı rolundan
bəhs edilmişdir. İkinci məqalədə lətifələrin qabığını təşkil edən güldürücü
yönü ilə yanaşı, onun nüvəsini təşkil edən düşündürücü yönü önə çıxarılmış
və bu lətifələrin məcmusu, “təməlində təbiət və təbiət elmləri, sementi
məntiq, siyasət qübbəsində ədalət bayrağı dalğalanan, alınması imkansız olan
bir riyaziyyat qalası”na bənzədilmişdir. Son yazıda isə gözəl riyazi
nəticələr göz oxşayan rənglərə sahib kəpənəklərlə müqayisə olunarkən, bu
nəticələrin ərsəyə gəlməsi üçün çəkilən əzab və işgəncə dolu zəhmət, bu
füsunkar kəpənəklərin işıq üzü görməsinə səbəbiyyət verən kiçik qurtcuqların
torpağın altında, qaranlıqda, soyuqda və çürüntülər içərisində bəzən illər
boyunca pup olmaq üçün verdikləri, əsl qəhrəmanlıq nümunəsi sayılacaq
mücadilə ilə müqayisə olunmuşdur.
Ümid etmək istərdik ki, kitab bu mövzularla maraqlanan, onları anlamaq
istəyən, anlayacaqlarına inanan və bu yolda bir miqdar zəhmətə qatlanacaq
oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.
Kitab Klubunun direktoru Elxan Rzayev, riyaziyyatçı
alimlər Qurban Qasımov, Tahir İsmayılov, yazıçı Salatın Əhmədli və başqaları
alimin dünyagörüşündəki səlist, məntiqi riyazi analizləri və kitabın qayəsi
olan çoxluğun gücü prinsiplərindən danışmış, əsərin müsbət
xüsusiyyətlərindən söhbət açmışlar. Kitabın institut tələbələri, yaşlı
nəsil, orta məktəb şagirdləri üçün əyani vəsait ola biləcəyi vurğulanmışdır.
Təqdimatın sonunda müəllif kitabları imzalayaraq tədbir
iştirakçılarına hədiyyə etmişdir.
Kitab Klubunun yeni ofisində
«Dünya Ədəbiyyatı Kitabxanası»na
abunə kampaniyasının təqdimetmə mərasimi keçirildi
İyunun 12-də Kitab Klubunda “Dünya Ədəbiyyatı Kitabxanası” (DƏK) layihəsi
təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə ölkəmizdə çap edilmiş yeni kitablardan ibarət
sərgiyə, habelə DƏK çərçivəsində nəşr olunacaq 150 kitabın hər birinin
yüksək poliqrafik səviyyədə tərtib olunmuş maketlərinə maraqla baxmışlar.
Klubun direktoru Elxan Rzayev bildirmişdir ki, latın qrafikasına keçidlə
əlaqədər Azərbaycan hökuməti iki böyük layihə reallaşdırmağı nəzərdə
tutmuşdur. Artıq bunlardan birincisi uğurla başa çatmışdır. İkinci layihə
dünya ədəbiyyatından seçmə əsərlərin dilimizə tərcümə olunub nəşr edilməsi
ilə bağlıdır. Layihə şərti olaraq “Dünya Ədəbiyyatı Kitabxanası”
adlandırılır. Seriyaya daxil olan kitabların siyahısı Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq
edilmişdir. DƏK layihəsində 150 kitabın nəşri nəzərdə tutulmuşdur.
Layihənin əlaqələndiricisi Abdulla Əsgərovun rəhbərlik etdiyi “Şərq-Qərb”
Açıq Səhmdar Cəmiyyətidir. Kitabların bədii tərtibatı və səhifələnməsi
“Tutu” nəşriyyatı tərəfindən aparılır. Yeni kitablar “Şərq-Qərb” və “CBS”
mətbəələrində çap ediləcəkdir.
Bildirilmişdir ki, DƏK silsiləsindən kitablara abunə yazılışı klub
tərəfindən aparılır.
Əsərlərin tərcüməsi, redaktəsi işi ilə məşğul olacaq yaradıcı heyətin
rəhbəri, Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyev
layihənin maarifçilik əhəmiyyətini vurğulamış, qeyd etmişdir ki, nəşr
ediləcək kitabların böyük əksəriyyəti Azərbaycan dilində ilk dəfə işıq üzü
görəcəkdir. Eyni zamanda, birbaşa orijinaldan tərcümə olunacaq bu əsərlər
dünyada baş verən ədəbi və mədəni prosesləri Azərbaycan oxucusuna
çatdıracaqdır.
Tədbirdə çıxış edənlərdən Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü,
professor Şahlar Əsgərov, “Tutu” nəşriyyatının direktoru Tərlan Qorçu, Milli
Məclisin deputatı Fazil Mustafa, Bakıdakı 190 nömrəli orta məktəbin
direktoru Afət Bakıxanova və başqaları yeni layihənin həyata keçirilməsini
ölkənin ictimai və mədəni həyatında mühüm hadisə kimi qiymətləndirmiş, 150
kitabdan ibarət Dünya Ədəbiyyatı Kitabxanasına abunənin yüksək səviyyədə
aparılacağına inamlarını ifadə etmişlər. Təqdimat iştirakçıları
"Dünya Ədəbiyyatı
Kitabxanası" seriyasına abunə kompaniyasının gələcək nəslin
maarifləndirilməsi işində xüsusi
əhəmiyyətinin olacağını vurğuladılar.
Daha ətraflı məlumat almaq üçün
buraya tıklayın.
Təqdimat Kitab Klubunun yeni sərgi salonunda
(Murtuza Muxtarov 7, Səadət Sarayının yanı) keçirildi.
Kitab Klubunda yazıçı Varisin
“SONUNCU ÖLƏN ÜMİDLƏRDİR”
kitabının təqdimatı keçirildi
Varis
Sonuncu ölən ümidlərdir (roman)
90-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu
ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc
olunmağa başladı.
Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdiril-miş bu sevgi
əhvalatı qısa vaxt keşiyində bütün ölkədə populyarlıq qazandı.
Kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini də özündə
əks etdirən roman variantıdır.
Onu bəyənəcəyinizi ümid edirik.
ISBN 978-9952-809-84-8,“Nurlan”, 2008, 352 səh., 15x20, yumşaq, 10000
----------------------------------------------------------------------------------------
Varis Musa oğlu Yolçiyev - Sumqayıt şəhərində anadan olub, Bakı Dövlət
Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə «168 saat»
və «7 gün» qəzetlərinə redaktorluq edib. Azərbaycan Dövlət Televiziyasının
populyar «Gecə kanalı» proqramının müəllifi olub. 2003-cü ildə Azərbaycan
Prezidentinin İşlər İdarəsinin «Azərbaycan» nəşriyyatının Baş redaktoru
təyin edilib. 2007-ci ildə «Azərbaycan Televiziya və Radio Verilişləri»
QSC-nin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin Direktoru
təyin edilib. 20-dən artıq kitaba redaktorluq edib («Əsl insan haqqında»,
«Azərbaycan Prezidenti», «Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi» və
s.). İlk bədii ədəbiyyat nümunələri 1990-cı ildə «Ulduz» jurnalında İsmayıl
Şıxlının təqdimatı ilə çıxan hekayələridir. Müxtəlif illərdə qəzet və
jurnallarda onlarla bədii əsəri dərc edilib. Pero-serial janrında yazılmış
«Sonuncu ölən ümidlərdir», «Səhər heç vaxt açılmayacaq», «Sənə inanıram»,
«Tənha yalquzağın nağılı», «Yol ayrıcında azıb qalanlar» kimi yazıları böyük
populyarlıq qazanıb. İlk kitabı 2008-ci ilin noyabrında dərc edilib –
«Sonuncu ölən ümidlərdir». 10 000 tirajlıq bu kitabla müəllif 1000 nüsxəlik
satış həcminə cəmi 47 gündə nail olub, qısa müddətdə 500-ə yaxın oxucu
məktubu alıb.
Tədbirin sonunda yazıçı təqdim etdiyi kitabı pulsuz paylayıb.
XALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN
“UYUQ” (HEKAYƏLƏR) KİTABININ
TƏQDİMATI KEÇİRİLDİ
20.02.2009 saat 12:00-da Kitab
Klubunun sərgi salonunda xalq yazıçısı Sabir Əhmədlinin “Uyuq” (Hekayələr)
adlı kitabının təqdimat mərasimi keçirildi.
Kitaba xalq yazıçısı Sabir Əhmədli son hekayələri daxil edilmişdir. Bu
hekayələr insanı mənən zənginləşdirən, ruhən kamilləşdirən əsərlərdir.
Həqiqi bədii yaradıcılıq məhsulu olan bu əsərlərin əsl qayəsi budur: -
Haqqa, insanlığa ayrı gözlə baxmaq günahdır. Kitab 300 tirajla nəşr olunub.
Kitabın ön sözünü yazıçı Mübariz Məsimoğlu yazmışdır.
Tədbirdə yazıçının dostları – tanınmış Azərbaycan şair və yazıçıları,
ictimai-siyasi xadimlər, jurnalist əhli iştirak edirdilər.
Tədbirdə millət vəkili, şair Aqil Abbas, xalq yazıçısı Sabir Rüstəmxanlı,
yazıçı Mübariz Məsimoğlu, əməkdar jurnalist Fazil Güney (Abbasov), millət
vəkili, tarixçi Cəmil Həsənli, “Xalq”
qəzetinin baş redaktoru Tahir Aydınoğlu, hüquqşünas alim Adil Minbaşı, Sirus
Təbrizli, Mehriban Vəzir, Həmid Herisçi və s. iştirakçılar xalq yazıçısı
Sabir Əhmədlinin yeni kitabı, özü və
fəaliyyəti haqqında öz ürək sözlərini əsirgəmədilər.
Sabir Əhmədli
Uyuq (Hekayələr)
“Nasir”, 2008, 64 səh., 14x20, yumşaq, 300
Əhmədli Sabir Məmməd oğlu — nasir, publisist, 1930-cu ildə Cəbrayıl
rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində
almış, daha sonra Azərbaycan Dövlət Universitetinə daxil olub l951-ci ildə
fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti qurtardıqdan sonra Cəbrayıl
rayonuna qayıtmış, müəllimlik etmişdir. Ədəbi yaradıcılığa hələ tələbə ikən
başlamış, ilk hekayələri çap olunmuşdur. Hekayə yaradıcılığındakı uğurlar
onu ədəbi yaradıcılığa daha yaxından bağlamış, daha iri həcmdə əsərlər
yaratmışdır. Sabir Əhmədlinin 50 ildən artıq bir müddətdə ədəbi yaradıcılığı
bir sıra əsərlərlə oxucularda və ədəbi ictimaiyyətdə maraq oyatmışdır. O,
20-yə qədər romanın müəllifidir. Yazıçını başlıca olaraq kənd həyatı, kənd
ziyalıları, onların mənəvi həyatı, ruh aləmi daha artıq cəlb etmiş, bu
istiqamətdə işləmişdir. Son romanları Azərbaycanın taleyində baş vermiş
ciddi hadisələrlə yaxından bağlıdır. Onlar Qarabağ münaqişəsinə dair və son
illər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrə dair ciddi həyati
materiala əsaslanır. Sabir Əhmədlinin hekayə və romanları xarici ölkələrdə
dərc edilmiş, maraqlı rəylər doğurmuşdur. Moskvada "Sovetskiy pisatel"
nəşriyyatında onun üç böyük kitabın "Yamacda nişanə", "Yaşıl teatr",
"Yasamal gölündə qayıqlar üzürdü" çap edilmişdir. 1955-ci ildən AYB-nın
üzvü, Azərbaycanın xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984),
«Qızıl sünbül» ədəbi mükafatı laureatı (1991). «Ədəbiyyat və incəsənət»
qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş
redaktor (1993-1996) işləmişdir. «Əmək şöhrətinə görə» medalı ilə təltif
edilmişdir (1975).
«Toğana» (1981), «Yasamal gölündə qayıqlar» (1984), «Gedənlərin qayıtmağı,
dünyanın arşını» (1985), «Kütlə» (1999), «Axirət sevdası» (2003), «Şəhid
ruhu» (2004) və s. kitabların müəllifidir. II Dünya Müharibəsi qəhrəmanı
Cəmil Əhmədovun qardaşıdır.
Tədbirin sonunda yazar təqdim etdiyi kitabını oxucular üçün imzalayıb.
Çingiz Abdullayevin “Quba
Kapriççiosu” kitabının təqdimat mərasimi keçirilib
Fevralın 12-si Bakı Kitab
Klubunun Sərgi Salonunda Azərbaycan Yazıçılar Birliyinin katibi, dünya
şöhrətli yazıçımız Çingiz Abdullayevin Azərbaycan dilinə tərcümə edilmiş
“Quba Kapriççiosu” kitabının təqdimat mərasimi keçirildi. Ç. Abdullayevin
“Quba Kapriççiosu” adlı kitabı 21 fəsildən ibarətdir. Əsər ən məhşur
almazlardan birinin müasir günlərimizdəki macəralarından bəhs edir. Bu sayaq
məşhuri-cahan ləl-cavahiratın hər biri arxasınca uzun, qanlı iz qoyub gəlmiş
və mənsub olduğu şəxslərə daim müşküllər yaratmışdır. Tanınmış
ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus
olub itmiş “Şah Abbas” almazının axtarışlarına çıxarkən qətl hadisələrini də
açmaq məcburiyyətində qalır... Kitabın rus dilindən Azərbaycan dilinə
tərcüməçisi Munisə Dadaşqızı, redaktoru isə Təbəssüm Muxtarovadır.
Tədbiri Klubun direktoru E.Rzayev
açdı, dedektiv janrı barəsində öz ürək sözlərini bildirib, kitabın
tərcüməçisi Munisə Dadaşqızına verdi. Tərcüməçi öz növbəsində Ç.Abdullayevin
yeni əsəri olan “Quba Kapriççiosu” ona ruhən yaxın olmasını və bu kimi
əsərləri tərcümə etməkdən böyük zövq almasını qeyd etdi.
Sözügedən tədbirdə yazıçı Çingiz
Abdullayev ”Mən heç vaxt öz kitablarımın təqdimat mərasimini keçirmirəm.
Çünki mənim hər ay böyük tirajla kitablarım çıxır. Əgər mən onların hər
birinin təqdimat mərasimini keçirsəm, onda mənim yeni əsərlər yazmaq üçün
heç vaxtım qalmaz” söylədi, çoxsaylı sualları cavablandırdı. Sonda, yazıçı
kitabın Azərbaycan dilində ərsəyə gəlməsində çəkdiyi əməyə görə tərcüməçi
Munisə Dadaşqızına və redaktoru Təbəssüm Muxtarovaya öz təşəkkürünü
bildirdi.
Tədbirin sonunda yazar təqdim
etdiyi kitabı oxucular üçün imzalayıb.
Mətbuat konfransı:
M.Ə.Rəsulzadə - 125
2009-cu il yanvarın 22-də saat 12.00-da Kitab Klubunda Azərbaycan Xalq
Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 125
illiyi ilə əlaqədar mətbuat konfransı və M.Ə.Rəsulzadəyə həsr olunmuş
«Gecikmiş etiraf kimi…» adlı kitabın təqdimatı keçirildi.
Mətbuat konfransında M.Ə.Rəsulzadənin nəvəsi əməkdar rəssam, Azərbaycan
Pedaqoji Universitetinin dosenti Rais Rəsulzadə, və “Gecikmiş etiraf kimi…” kitabının müəllifi
Nəcibə Bağırzadədən başqa görkəmli şəxsiyyətlər iştirak edirdilər.
Qonaqlara yubileylə bağlı çap olunmuş təqvimlər və təqdimatı olan kitablar
paylandı.
Tədbir M.Ə.Rəsulzadənin ömür yolundan, şəcərəsindən bəhs olunmaqla yanaşı,
ona həsr edilmiş “Gecikmiş etiraf kimi” kitabının tədimatı ilə başlandı.
Kitab Azərbaycan Demokratik Respublikasının ilk qurucusu, dahi Məhəmməd Əmin
Rəsulzadə və onun doğmalarının ömür yolunu, talehini əks etdirir. Tədbiri
Klubun əməkdaşı Fazil Kərimov açıq elan etdi. Kitabın müəllifi
Nəcibə Kamal qızı Bağırzadə Bakıda doğulub.
1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib.
“Göndərmədiyim məktublar” adlı şeir kitabının müəllifidir. O, nəşrin
yaranması zərurətindən və M.Ə.Rəsulzadənin həyatından bəhs etdi: “Tarixi
yazmaq onu yaratmaq qədər çətin bir işdir. Mənə elə gəlir ki, Məhəmməd Əmin
Rəsulzadə Azərbaycan tarixini həm yaza, həm də yarada bildi. Məhz onun
xidmətləri nəticəsində Şərqdə ilk dəfə demokratik respublika quruldu. 71 il
sürdüyü ömrü boyunca bu insanın elə bir günü olmayıb ki, Azərbaycan
sevgisilə yaşamasın, Azərbaycanın mücadiləsi uğrunda çalışmasın. Çox təəssüf
ki, onun məzarı Azərbaycanda deyil və biz onu layiqincə dəyərləndirə
bilməmişik. Onun özü də, ailəsi də çox böyük məhrumiyyətlər görüb. Nəvəsi
Firuzə xanım hazırda Lökbatanda yaşayır. Firuzə xanım anası Lətifə, bacısı
İşvə ilə Qazaxıstandakı sürgünlük həyatından danışarkən dedi ki, anası ilə
bacısı aclıqdan və soyuqdan donub ölüb, onları basdıran belə olmayıb, bacısı
Sona itkin düşüb. Firuzə xanım deyir ki, sahibsiz qalıb, ona uşaq evində
tullantı sümükləri veriblər. Biz tarixdən dərs almadığımız üçün tarix
yenidən təkrarlanır. Məhəmməd Əmin Rəsulzadəni Azərbaycanda xatirələrdə
yaşatmağa ehtiyac var, bu bizim borcumuzdur, onun isə qazandığı haqdır”.
Tədbirdə çıxış edən M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tədqiqatçı alim
Nəsman Yaqublu M.Ə.Rəsulzadənin Azərbaycanın müstəqilliyinin qazanılmasında
göstərdiyi xidmətlərindən, milli-ideologiyanın formalaşasındakı əməyindən
danışdı: “Bu gün Məhəmməd Əmin Rəsulzadənin 125 illik yubileyi daha geniş
şəkildə və geniş məkanda qeyd olunmalıydı. Rəsulzadəni Mirzəbala Məmmədzadə
bir cümlə ilə belə xarakterizə edib: “Rəsulzadə Azərbaycan milli-qurtuluş
hərəkatının ideoloqudur”. İdeoloq məqamına yüksəlmək hər insana nəsib olmur.
O, hələ gənc yaşlarından xalqının maariflənməsində, dünyagörüşünün
formalaşmasında böyük xidmətlər göstərib. Mən onun yaradıcılığını
araşdırarkən məlum oldu ki, onun 40-50 cildlik əsərləri mövcuddur. Təkcə
Polşadan onun yazdıqları ilə bağlı 20 kq-dan çox arxiv materialı gətirmişəm.
Hələ İngiltərədə, Türkiyədə də onun əlyazmaları saxlanır. 70 il ərzində
sovet hökuməti nə qədər çalışsa da, onu bizim qəlbimizdən silə bilmədi. O,
bizim yaddaşlarımızda daim yaşayacaq".
Tanınmış yazıçı, publisist Teyyub
Qurban da öz ürək sözlərini gələn qonaqlara bildirdi. Sonda "Dirilik gəmisi"
kitabından M.Ə.Rəsulzadəyə həsr etdiyi şeirlərini oxudu.
Mətbuat konfransında iştirak
edənlərdən Hacıəmi Atakişiyev və başqaları da çıxış etdilər.
M.Ə.Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə tədbir
iştirakçılarına minnətdarlıq etdi: “Onun nəvəsi Gözəl xanım da bu tədbirdə
iştirak etmək istəyirdi, lakin təəssüf ki, onun səhhəti hazırda pis
vəziyyətdədir, iflic olduğu üçün gələ bilmədi”.
Qeyd edək ki, “Gecikmiş etiraf kimi” kitabının üz qabığındakı
M.Ə.Rəsulzadənin rəsmi xalq rəssamı, Rəsulzadə irsindən olan Oqtay
Sadıqzadəyə məxsusdur. Kitabın rəssamı Rəis Rəsulzadə, redaktoru isə Anar
İsabəylidir.
Nəcibə Bağırzadə
Gecikmiş etiraf kimi...
Kitab Azərbaycan Demokratik Respublikasının ilk qurucusu, dahi Məhəmməd Əmin
Rəsulzadə və onun doğmalarının ömür yolunu, həyat hekayəsini anlatmaq
istəyinin ifadəsidir.
“Şirvannəşr”, 2007, 128 səh., 14x20, yumşaq
----------------------------------------------------------------------