Təqdimatlar
KİTAB KLUBUNDA 2004-cü il dekabrın 3-də
Əliağa Cəfərlinin“Bəlalı dağlar” romanının təqdimatı
2004-cü il dekabrın 3-də Kitab Klubunda Əliağa Cəfərlinin“Bəlalı
dağlar” romanının təqdimatı keçirildi. Klubun direktoru Elxan Rzayev giriş
sözündə Əliağa müəllimi qonaqlara
təqdim etdi. Əliağa Cəfərlinin yaradıcılığı haqqında “Nurlan” nəşriyyatının
direktoru professor Nadir Məmmədli məruzə ilə çıxış etdi. Hacı Əliağa
Qafar oğlu Cəfərli 1954-cü ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə
Azərbaycan Dövlət Universitetini bitirib. 1987-ci ildə Moskva Dövlət Mətbuat
Akademiyasına daxil olub, müvəffəqiyyətlə namizədlik dissertasiyasını
müdafiə edib. Tarix elmləri namizədidir. 1970-ci ildən başlayaraq 100-dən
artıq elmi, elmi-kütləvi məqaləsi dövri mətbuatda dərc edilib. “Xocalı
faciəsi”, “Bəlalı dağlar” romanlarının, “Сасанидская держава в 3-5 вв”
əsərinin müəllifidir. Üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin
tərtibçilərindən biridir, beş cildlik “Azərbaycan nağılları”nı yenidən
işləyib nəşr etdirmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin
üzvüdür, “Qızıl qələm” mükafatının laureatıdır. V. S. Altunin ad. Rusiya
“Ekologiya və Təbii sərvətlərdən istifadə” Akademiyasının həqiqi üzvüdür.
Əliağa Cəfərli respublikamızda ən böyük kitab mağazası olan məşhur “Akademkitab”
mağazasının direktorudur. “Bəlalı dağlar” romanında bir ailənin son 150
illik tarixi qələmə alınıb. Əsərdə sadə azərbaycanlı ailəsinin həyat tərzindən,
məşğuliyyətindən, ailə, nəsil münasibətlərindən, qayğılarından danışılır.
Eləcə də 1905-1920 -ci illərdə mənfur ermənilərin azərbaycanlılara qarşı
törətdikləri fitnəkarlıqlardan və onlara göstərilən müqavimətdən bəhs
edilir. Əsər xalqımızın etnoqrafiyası, tarixi, məişəti, həyat tərzi ilə
maraqlanan geniş oxucu auditoriyasına ünvanlanıb.
Pərviz
Rzaquliyev Əliağa müəllimi həm görkəmli alim, istedadlı yazıçı, jurnalist,
bacarıqlı naşir və menecer, həm də təvazökar, təmkinli insan kimi səciyyələndirdi.
Rafiq Məmmədli Ə. Cəfərlinin “Akademkitab” mağazasının direktoru kimi
fəaliyyətini yüksək qiymətləndirdi. Tanınmış alim və tənqidçi İlham Rəhimli
verdiyi müsahibədə Ə. Cəfərlinin “Bəlalı dağlar” romanı haqqında belə
dedi: -Viktor Hüqo vaxtı ilə qeyd etmişdi ki, növbəti əsrdə yazıçılar
oxucuları daha çox özlərinin iştirakçısı olduqları hadisələri təsvir etməklə
heyrətləndirəcəklər. Ə. Cəfərlinin “Bəlalı dağlar” romanı məhz bu baxımdan
diqqəti cəlb edir. Əsərin əsas oxunaqlı cəhəti ondadır ki müəllif bizə
məlum olan hadisələri dramatik-psixoloji gərginliklə, emosional bədii
təsvirlərlə verə bilib. Yazıçı əsərində Azərbaycan dilinin zəngin xüsusiyyətlərindən
məharətlə istifadə edib. Bu da romanın ümumi ideyasını və ayrı-ayrı personajların
xasiyyətini düzgün qavramaqda oxuculara yaxından kömək edir. Mənə elə
gəlir ki, “Bəlalı dağlar” romanı azərbaycanlı-erməni münaqişəsinə aid
dəyərli tarixi-bədii əsərdir. çıxış etdilər bir yazıçı kimi bədii təxəyyülünün
zənginliyi, kəskin və dramatik süjet qurmaq bacarığı göstərir ki, ədib
gələcəkdə də öz oxucularını yeni-yeni bədii əsərləri ilə sevindirəcək.
“Akademkitab” mağazasının əməkdaşı Aqil Səfərovun dediklərindən:
- “Roman tarixi əhəmiyyət kəsb edən hadisələrdən bəhs edir. Erməni - müsəlman
savaşının, Sovetin qanlı repressiyalarının dövrü, stalinizmin eybəcərliklərinin
təsviri insan qəlbinin kövrək tellərini qıcıqlandırır. “Bəlalı dağları”
oxumağa başlayanda elə bilirdim oxunuşu ağır olacaq, amma yanılmışdım
– bir nəfəsə oxudum. Səbirsizliklə 2-ci hissəsinin çapdan çıxmasını gözləyirəm.”
“Akademkitab” mağazasının əməkdaşı Sevil Quliyeva Əliağa
müəllimdən söhbət açdı: “- Əliağa müəllim olduqca gözəl insandır, bacarıqlı
rəhbərdir, daim işçilərinin qayğısına qalandır. Heç vaxt köməyini bir
adamdan əsirgəməz, yaxşı və pis gündə işçinin yanında olur. “Bəlalı dağları”
oxumuşam. Romanda keçmiş sanki gələcəyə qovuşur, Azərbaycan təbiətinin
əsrarəngiz mənzərələrinin, insan xasiyyətlərinin təsviri özünəməxsusluğu
ilə adamı heyran qoyur.”
Tədbirdə “Maarif” nəşriyyatının direktor müavini Xəlil
Talıbov, C. Cabbarlı ad. kitabxananın direktoru Tahir Sadıqov, “Xalq”
qəzetinin redaktor müavini Tahir Aydın oğlu və b. çıxış etdilər. Sonda
çıxış edən Ə. Cəfərli gələcək planları ilə bölüşdü.
26
noyabr 2004-cü il tarixdə Kitab Klubunun 2004-2(4) saylı “Azərbaycan nəşrləri”
kataloqu və İnternet səhifənin təqdimatı
Təqdimat mərasimini giriş sözü ilə
Kitab Klubunun direktoru Elxan Rzayev açdı:
“Azərbaycan nəşrləri” kataloqunun
2004-2(4) sayının 36 səhifəsində son aylarda respublikada işıq üzü görmüş
kitablar haqqında məlumat verilib.
36-cı səhifədə verilmiş ad göstəricisində
kitabların adı 3 sütunda əlifba sırası ilə düzülüb. 3-cü sütunun 2-ci
hissəsində rus dilində çap olunmuş kitablar həmçinin əlifba sırası ilə
yer alıb. 35-ci səhifədə Kitab Klubunun “Azərbaycan nəşrləri” kataloqu
haqqında məlumat, Kitab Klubunun kitabsevərlərə müraciəti, yeni nəşrlərini
“Azərbaycan nəşrləri” kataloqunun növbəti saylarında görmək arzusunda
olan naşir və müəlliflər üçün kitabların yerləşdirilmə qaydaları dərc
edilib.
Kataloqun bu sayındakı yeniliklər
sırasında yeni rubrikanın - “İncəsənət ” bölməsinin açılmasını və Kitab
Klubunun İnternet səhifəsi haqqında məlumatı göstərmək olar.
Üz qapağının 2-ci səhifəsində “Nurlan”
nəşriyyat-poliqrafiya müəssisəsinin təsisçisi və direktoru, filologiya
elmləri doktoru Nadir Məmmədlinin 45 yaşı tamam olması münasibəti ilə
məlumat verilib. Kataloqda Kitab Klubunun 3 yeni nəşri haqqında anonslar
dərc olunub:
- 16-cı səhifədə Üzeyir bəy Hacıbəyovun
Seyran Ağabəyov tərəfindən ingilis dilinə tərcümə olunmuş “O olmasın,
bu olsun!” musiqili komediyasının anonsu; - 20-ci səhifədə ingilis dilindən
Azərbaycan dilinə tərcümə olunmuş “Beynəlxalq əlaqələr” sorğu kitabının
anonsu; - 33-cü səhifədə Pərviz Rzaquliyevin “Sinədən gəlir bu zəhrimar”
adlı illüstrasiyalı satirik şer və təmsillər kitabının anonsu yerləşdirilib.
Qonaqları müəyyən statistik məlumatlarla
da tanış edə bilərik. “Azərbaycan nəşrləri” kataloqunun təqdim edilən
sayına 54 nəşriyyatda işıq üzü görmüş 325 kitab daxil edilib. Onlardan
36-sı rus dilindədir. Yeni kitabların sayına görə “Nurlan” nəşriyyatı
şəksiz liderdir. 2-ci yerə ”Adiloğlu”, 3-cü yerə isə “Elm” nəşriyyatı
çıxıb. “Qanun” və “Şirvannəşr” 4-cü və 5-ci yerləri bölüşdürüblər. Müəlliflərdən
12 nağıl kitabı “Uşaq ədəbiyyatı” bölməsində təqdim olunan Gülzar xanım
İbrahimovanı, 3 bölmədə 11 kitabı yer alan Nazim bəy Məmmədbəyovu qeyd
etmək istərdik.
Kataloqun bölmələrini nəzərdən keçirək. “Elmi və elmi-kütləvi” bölməyə - 65, “Dərsliklər və dərs vəsaitləri” bölməsinə
-27, “Lüğətlər və ensiklopediyalar” bölməsinə - 17, “Bədii ədəbiyyata”
– 106, “Publisistikaya” – 63, “Hüquq, iqtisadiyyat, menecmentə” - 18,
“Uşaq ədəbiyyatına” – 20, yeni açılmış “İncəsənət” bölməsinə isə 8 kitab
və 1 albom haqqında məlumatlar daxil edilib.
Kitab klubunun www.kitabklubu.org
ünvanında yerləşəcək İnternet səhifəsinin məqsədi Azərbaycanda kitab işinin
vəziyyəti ilə əlaqədar məlumatları şəbəkə vasitəsilə beynəlxalq aləmə
çıxarmaqdır. Ümumilikdə internet səhifəsi doqquz bölmədən ibarətdir:
Bu bölmələrdə Azərbaycanın kitab aləmində
baş verən yeni hadisələr barəsində məlumat almaq, yeni kitablar və onlarla
əlaqədar tədbirlərlə tanış olmaq, kitab bazarının vəziyyəti ilə əlaqədar
sorğularda birbaşa və dolayısıyla iştirak etmək. Azərbaycan nəşrləri kitab-kataloqunun
elektron variantı ilə tanış olmaq mümkündür. İnternet səhifəsində, eləcə
də çapa hazırlanan yeni kitablar haqqında elanları da tapmaq olar.
Bu səhifə aləmə bir pəncərə kimi
düşünülmüşdür. Gələcəkdə təkcə kitablar deyil müəlliflər haqqında məlumatların
da səhifədə yerləşdirilməsi nəzərdə tutulur.
Səhifədən səmərəli istifadə qaydasını
onun devizindən oxumaq olar: «Kitabını dünyaya tanıtmaq istəyirsənsə bir
nüsxəsini Kluba gətir».
Məlum olduğu kimi İnternet səhifələri
üzərində iş daim davam edir və onları sonsuzluğa qədər təkmilləşdirmək
mümkündür. Sizə təqdim edilən bu səhifənin də müəyyən bölmələri hələ tam
işlənməyib. Biz bu bölmələrlə və ümumiyyətlə internet səhifəsi ilə əlaqədar
rəy və təkliflərini bizə göndərəcək şəxslərə minnətdar olardıq.
Tədbirdə dramaturq Nazim Məmmədbəyov,
Multimedia mərkəzinin direktoru Osman Gündüz, “Ulduz” jurnalının şöbə
rəhbəri İlqar Fəhmi çıxış etdilər.
18 noyabr təqdimatı
2004-cü ilin noyabr ayının 18-də Kitab Klubunun sərgi
salonunda şair, bəstəkar, rəssam, pedaqoq- Azərbaycan Respublikası Təhsil
nazirliyi Estetik tərbiyə üzrə respublika tədris-metodik mərkəzinin direktoru
Nazim Məmmədbəyovun kitablarının təqdimat mərasimi keçirildi. Tədbiri
giriş sözü ilə Kitab Klubunun direktoru Elxan Rzayev açdı. Müəllifi qonaqlara
və media nümayəndələrinə Pərviz Rzaquliyev təqdim etdi:
-Hörmətli qonaqlar!
Böyük məmnuniyyət hissi ilə sizə yaradıcı şəxsiyyətlərdən
olan Nazim Məmmədbəyovu təqdim edirəm. Nazim Həsən oğlu Məmmədbəyov kimdir?
Əvvəla, Azərbaycanı iki beynəlxalq təşkilatda təmsil edən şəxsdir. “Əlil
uşaqlara incəsənət vasitəsi ilə yardım” Beynəlxalq Assosiasiyasının prezidentidir-
mərkəzi qərargahı Fransanın Bordo şəhərində yerləşir, “Uşaq və gənclərin
yaradıcılığı” Beynəlxalq Assosiasiyasının vitse-prezidentidir. Azərbaycan
Memarlar ittifaqının üzvüdür. Uşaqların estetik tərbiyəsi üzrə görkəmli
mütəxəssisdir, o cümlədən əlil – beyin iflicinə mübtəla, zehni cəhətdən
zəif, lal-kar, kor və zəif görən uşaqların musiqi və təsviri sənət vasitələrilə
estetik tərbiyəsinin metodikası üzrə respublikada barmaqla sayıla bilən
bir neçə mütəxəssisdən biridir. Onun yetirmələrindən təkcə bir neçəsinin
- Rəssamlar ittifaqının üzvü Mir Cəfər Bağırovun, Zaur Seyidzadənin adlarını
çəkmək kifayətdir.
Nazim müəllimdən uzun-uzadı danışmaq olar. Bu insan
70 illik yubileyinin yaxınlaşmasına baxmayaraq dincəlmək bilmir, daim
yaradıcı axtarışdadır, yazıb-yaratmaqla məşğuldur. Qeyd etmək istəyirəm
ki, Kitab Klubunun “Azərbaycan nəşrləri” kataloqunun yeni, 4-cü sayının
üç bölməsinə Nazim müəllimin “Səda” nəşriyyatında nəşr edilmiş 11 kitabı
haqda məlumat daxil edilib. Bu gın Kitab Klubu Nazim Məmmədbəyovun “Yüngül
qazanc” komediyasını və 2004-cü ildə işıq üzü görmüş digər kitablarını
ictimaiyyətə təqdim edir.
Kitab Klubunda təqdimat
Bir
neçə ay bundan əvvəl fəaliyyətə başlamış Kitab Klubu öz növbəti tədbirini
keçirdi. Cari ilin oktyabr ayının 13-də Kitab Klubunun sərgi salonunda “Pedaqogika”
nəşriyyatının buraxdığı “HƏYAT BİLGİSİ” və 1-ci sinif üçün “RİYAZİYYAT” (A,
B, C, D) dərsliklərinin təqdimatı təşkil edildi.
Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirliyinin Təhsil
Problemləri institutunun direktoru akademik Abdulla Mehrabov, institutun şöbə
müdiri elmlər doktoru, professor Yəhya Kərimov, elmlər doktoru, professor
Vidadi Xəlilov, Səbayel rayon təhsil şöbəsinin müdiri Sara Xanlarova, uşaq
nağılları müəllifi Gülzar İbrahimova, Azərbaycan Respublikası Təhsil nazirliyinin
Estetik tərbiyə üzrə respublika tədris-metodik mərkəzinin əməkdaşı İradə Məmmədova,
Bakı şəhəri 150 saylı ümumtəhsil orta məktəbinin direktor müavini Mahirə xanım,
həmin məktəbin ibtidai sinif müəllimləri Svetlana Müseyibova, Elmira Hacıyeva,
Xətai rayonu 55 saylı orta məktəbin ibtidai sinif müəllimi Xuraman Quliyeva,
media nümayəndələri və başqa qonaqlar iştirak edirdi.
Təqdimat mərasimini giriş sözü ilə Kitab Klubunun direktoru
Elxan Rzayev açdı. O, HƏYAT BİLGİSİ” və 1-ci sinif üçün “RİYAZİYYAT” (A, B,
C, D) dərsliklərinin ənənəvi dərsliklərdən hansı xüsusiyyətləri ilə fərqləndiyini
müxtəsər izah etdi, Zahid Qaralov, Əlövsət Osmanlı, Fikrət Süleymanoğlu və
Vüqar Məmmədovdan ibarət yaradıcı kollektiv haqqında məlumat verdi, müəlliflərin
dərslik yaradıcılığı prosesində forma və məzmun seçiminin üstünlüklərini açıqladı.
Çıxışının sonunda Elxan bəy qeyd etdi ki, Kitab Klubun 2005-ci ildə “İlin
ən yaxşı dərsliyi” devizi altında Respublika müsabiqəsini təşkil etməyi planlaşdırır.
Müsabiqə-baxışın münsiflər heyətinə Azərbaycanın ən hörmətli ekspert və mütəxəssisləri
dəvət olunacaq. Belə müsabiqə bu il keçirilsəydi, “HƏYAT BİLGİSİ” və 1-ci
sinif üçün “RİYAZİYYAT”
(A, B, C, D) dərslikləri, şübhəsiz, laureatlar sırasında olacaqdı. Sonra söz
Əlövsət Osmanlıya verildi. Əlövsət müəllim müəllif kollektivinin klassik dərslik
formasından imtina edərək inkişaf etmiş ölkələrdə tətbiq olunan statik ekran
prinsipinə əsaslanan universal dərslik yaratmağa üstünlük verməsi səbəblərini
açıqladı. Bu kitablarda dərslik, iş dəftəri, test kitabçası və yoxlama işləri
bir vəsaitdə cəmləşdiyindən daim şagirdin əli altındadır. Yeni forma və məzmun
6 yaşlıları mexaniki surətdə yalnız ev tapşırıqlarını yerinə yetirməyə deyil,
daim fəal axtarışda olmağa istiqamətləndirir, onlarda yaradıcılıq həvəsi və
vərdişləri oyadır, suallarına həyatın özündə cavab tapmağa kömək edir. Əlövsət
müəllim dərsliklərin həm Azərbaycan, həm də rusdilli məktəblər üçün buraxıldığını
xüsusi vurğuladı, “Познание мира” və “Математикa” -1(A, B, C, D) dərsliklərinin
rus məktəblərinin ibtidai sinif müəllimləri və 6 yaşlıların valideynlərinin
böyük marağına səbəb olduğunu qeyd etdi. Çıxışının
sonunda Əlövsət Osmanlı “Pedaqogika” nəşriyyatının 2-ci, 3-cü, 4-cü siniflər
üçün belə dərsliklər hazırlamaq planlarından danışdı, Kitab Klubuna isə belə
gözəl tədbir təşkil etdiyinə görə dərin minnətdarlığını bildirdi.
Müzakirələrdə akademik Abdulla Mehrabov, professorlar Yəhya
Kərimov və Vidadi Xəlilov, Səbayel təhsil şöbəsinin müdiri Sara xanım, ibtidai
sinif müəllimləri Svetlana Müseyibova, Elmira Hacıyeva, Xuraman Quliyeva və
başqaları çıxış etdi. Akademik Mehrabov təqdim olunan dərsliklərin üstünlüklərindən
və cüzi nöqsanlarından danışdı, növbəti dərs ili üçün dərsliklər silsiləsinin
daha uğurlu olacağına inandığını bildirdi, yaradıcı kollektivə müvəffəqiyyət
arzuladı.
Səbayel
rayon təhsil şöbəsinin müdiri Sara xanım təqdim olunan dərsliklərin yüksək
keyfiyyətli olduğundan söhbət açdı. O, bugünkü tədbiri yüksək səviyyədə təşkil
etdiyinə görə Kitab Klubunun rəhbərliyinə təşəkkürünü bildirdi, qeyd etdi
ki, “Kitab Klubu” təşkil etmək fikri olduqca uğurlu ideyadır və Klubun fəaliyyəti
artıq öz bəhrəsini verir.
Xətai rayonu 55 saylı ümumtəhsil orta məktəbinin
ibtidai sinif müəllimi Xuraman Quliyevanın çıxışı təqdimat iştirakçıları arasında
xüsusi canlanma yaratdı. O, dərsliklərin baha olduğunu bildirdi. “HƏYAT BİLGİSİ”
dərsliyinin əla dizaynına, şagirdlərin diqqətini özünə cəlb edən rəngarəng,
səlis boyalı rəsmlərini yüksək qiymətləndirdi, arzu etdi ki, sözügedən dərsliklər
pulsuz dərsliklər siyahısına daxil edilsin.
Təqdimat mərasiminin yaraşığına çevrilmiş diskussiya
başa çatdı. Tədbirə yekun vuran Elxan bəy Rzayev pedaqoq-alimlərə, müəllif
kollektivinə, media nümayəndələrinə və digər qonaqlara Kitab Klubunun
tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirdi.
|