Bakı Kitab Klubunun keçirdiyi sorğunun tam mətni English Русский

 

ACİ-YF Azərbaycanın (Soros Fondu) maliyyə dəstəyi ilə həyata keçirdiyi «Azərbaycanda kitab bazarının inkişafına yardım» layihəsi çərçivəsində «Kitab Klubu» MMC Bakı şəhərində nəşriyyat, topdan və pərakəndə kitab satışı işçiləri və oxucular arasında sorğu keçirmişdir. Sorğunun məqsədi Respublikamızda nəşriyyat işində və kitab bazarında olan meylləri və problemləri üzə çıxarmaq olmuşdur.


Sorğunun nəticələri və ilkin ümumiləşdirmələr:

 

I HİSSƏ – ƏHALİ ARASINDA APARILMIŞ SORĞU

 

Bakı "Kitab Klubu" əhalinin nəşr edilən kitablara münasibətini öyrənmək üçün 2004-cü ildə Bakı şəhərinin Səbayel, Yasamal və Nizami rayonlarından olan respondentlər arasında şifahi sorğu keçirmişdir. Birinci sual «son bir ildə kitab oxumusunuzmu?» olmuşdur. Bu suala respondentlərin yalnız 10 %-i müsbət cavab vermişdir. Ona görə də aşağıdakı məlumatlar həmin respondentlər (təqribən 300 nəfər) arasındakı sosioloji soğunun nəticələrini əks etdirir.

 

 

 

Diaqram 1

 

Diqqət: Beləliklə əhalinin yalnız 10 %-i hər-hansı kitab oxuyur.

 

Şərh:

Diaqramdan da göründüyü kimi əhalinin 10 nəfərindən doqquzu son bir il ərzində əlinə kitab almayıb. Maraqlı burasındadır ki, birinci suala «yox» cavabı verənlərin içərisində tələbə və müəllimlər də olmuşdur.

 

Sosioloji sorğu zamanı üzbəüz sorğu metodundan istifadə edilib. Tədqiqatın nəticələri SPSS -12 proqramlar paketində hesablanaraq ümümləşdirilib.

 

Tədqiqat zamanı sadə təsadüfi seçmə metodundan istifadə edilib. Tədqiqatda 1 supervayzer (rəhbər) və 3 intervyuerin (müsahibəçinin) xidmətindən istifadə edilib.

 

Rəyi soruşulanların 43,3 faizi kişi, digər 56,7 %-i isə qadınlardan ibarətdir.

 

Diaqram 2-dən göründüyü kimi rəyi soruşulanlar arasında müxtəlif sosial qruplara mənsub olanlar vardır. Respondentlərin 19,24 %-i iş adamı, 18,9 %-i qulluqçu, 14,43 %-i xidmət sahəsində çalışanlar, 11,34 %-i evdar qadın, qalanları isə digər sosial qrupların nümayəndələridir.

 

 

Diaqram 2.

 

Növbəti diaqramdan göründüyü kimi, rəyi soruşulanların 27,0 %-i 25 yaşa qədər, 24,0 %-i 35-44 yaş qrupunun nümayəndələridir. Digər yaş qrupları haqqında məlumatlar aşağıdakı diaqramda verilib. Beləliklə respondentlərin əksəriyyətinin yaşı 50-yə qədərdir.

 

 

Diaqram 3.

 

Siz son bir il ərzində kitab oxuyubsunuzsa, onda hansı nəşrləri oxumusunuz sualına rəyi soruşulan respondentlərin cavabları növbəti diaqramda göstərilir:

 

 

Diaqram 4.

 

Qeyd edək ki, anketdəki suallara multicavablar verilə bilərdi, yəni eyni zamanda bir neçə növ ədəbiyyatı qeyd etmək mümkün idi. Ona görə də faizlə ümumi cəm 100 faizdən çoxdur. Diaqramdan, respondentlərin daha çox oxuduğu nəşrlər arasında bədii ədəbiyyatın üstünlük təşkil etdiyini görürük (rəyi soruşulanların 32 %). Respondentlərin arasında tədqiqat oxunan sonrakı ədəbiyyatın elmi və elmi kütləvi ədəbiyyat olduğunu göstərir (rəyi soruşulanların 30,6 %-i). Rəyi soruşulanların 23 %-i isə lüğət və ensiklopediyalardan istifadə etdiklərini qeyd edir. Diaqramdan göründüyü kimi yuxarıda qeyd etdiyimiz nəşrlərdən başqa digər nəşrlər də oxunur.

 

Şərh:

Diqqətimizi bir meyl çəkdi ki, kitab oxuyanlardan 15 %-i dini kitablar oxuyur. Kitabı qəzet bilən respondentlərin sayı isə 3 % olub.

 

 

Diaqram 5.

 

Diaqram 5-dən göründüyü kimi Səbayel rayonunda kitab oxuyanların sayı digər rayonlarla müqayisədə daha çoxdur. Yasamal rayonunda isə qəzet oxuyanlar çoxluq təşkil edir. Dini ədəbiyyat Nizami rayonu əhalisini daha çox maraqlandırdığı da sorğudan bəlli olur.

 

Şərh:

1) Səbayel rayonunda kitaba marağın böyük olmasının əsas səbəbi həmin  məntəqələrdə bir neçə iri kitab mağazasının hələ də fəaliyyət göstərməsi ilə bağlıdır.

2) Əhalinin müxtəlif janrdan olan kitablara meyli kitab satışı təşkil edilərkən nəzərə alına bilər.

 

Diaqram 6-dan görünür ki, Bakı əhalisinin təxminən 40 %-i kitab seçərkən ilk növbədə müəllif amilinə (faktoruna) daha böyük diqqət verdiklərini qeyd edirlər. Rəyi soruşulanların 30,24 %-i mündəricatın, 29,21 %-i isə annotasiyanın onlar üçün vacib amil olduğunu qeyd edir. Respondentlərin təxminən 28 %-ə qədəri kitab seçərkən ad amilinə üstünlük verdiklərini də qeyd edir. Digər cavablarla da tanış olun.

 

 

Diaqram 6.

 

Şərh:

1) Alıcıya ən azı kitabın mündəricatı və annotasiyasını oxumağa şərait yaratmaq lazımdır;

2) Müəllif haqqında məlumat hər kitabda getməlidir.

3) Diqqəti çəkən bir məqam da ondan ibarətdir ki, əsl kitabsevərləri kitabın qiyməti o qədər də maraqlandırmır, belə ki, rəyi soruşulanların yalnız 18 %-ni ən çox kitabın qiyməti maraqlandırır.

Bu göstəricilərin rayonlar üzrə paylanması aşağıdakı diaqramda göstərilib.

 

 

Diaqram 7.

 

Aşağıdakı diaqramda respondentlər kitab almaq imkanlarını qiymətləndirirlər. Rəyi soruşulanların 27 %-i istədiyi kitabı almağa imkanı çatdığını, 31 %-i yalnız zəruri kitabları almağa imkanı çatdığını, 10 %-i yalnız dərslik almağa imkanı çatdığını və 32 %-i isə zəruri kitabları almağa belə imkanı çatmadığını göstərir.

 

 

Diaqram 8.

 

Şərh:

1) Maddi vəziyyətin düzəldilməsi mühüm amildir;

2) Kitabların qiymətinin aşağı salınmasına ehtiyacın olduğu bir daha təsdiqlənir.

 

Bu hissədən rasionalist mövqedən çıxarılan əsas nəticə potensial oxucu kütləsinin yalnız 10 %-nin kitab bazarında fəal iştirak etməsidir.


 

II HİSSƏ: TOPDAN VƏ PƏRAKƏNDƏ KİTAB SATIŞI İLƏ MƏŞĞUL OLAN MÜƏSSİSƏLƏRİN İŞÇİLƏRİ ARASINDA SORĞU

 

Tədqiqat Bakı şəhərində kitab satışı ilə məşğul olan topdan və pərakəndə satış müəssisələrinin işçiləri arasında keçirilib. Müsahibələr 28 müəssisənin nümayəndələrindən götürülüb.

 

 

Diaqram 9.

 

Tədqiqatın nəticələrindən göründüyü kimi, sorğu götürülən mağaza işçilərinin yalnız hər 5 nəfərindən biri qadındır. Bu da onu deməyə əsas verir ki, kitab satışı ilə əsasən kişilər məşğul olur.

 

 

Diaqram 10.

Sorğu götürülmüş mağazaların 50 %-i kitab satışı üzrə ixtisaslaşmış mağaza, 32,1 %-i səyyar kitab satışı müəssisəsi və 17,9 % isə hər hansı bir mağazada icarəyə götürülmüş kitab satışı ilə məşğul olan şöbədir.

 

 

Diaqram 11.

 

Sorğunun nəticələrindən məlum olur ki, bu müəssisələrin yalnız 21,4 %-i dövlət müəssisəsidir.

 

 

Diaqram 12.

 

Tədqiqat nəticəsində məlum olur ki, sorğuya cavab verən respondentlərin 57,1 %-i müəssisədə müdir, 42,9 %-i isə satıcı kimi fəaliyyət göstərir.

 

 

Diaqram 13.

 

Həmin mağazalar satış məqsədi üçün istifadə etdikləri sahəyə görə də bir-birindən fərqlənir. Belə ki, sorğu götürülmüş kitab satışı ilə məşğul olan müəssisələrin 32,1 %-nin sahəsi 21 kv. m-dən böyükdür. Müvafiq olaraq həmin müəssisələrdə satış üçün təklif edilən kitabların sayı da çoxdur. Bu müəssisələrin 50 %-i yalnız 1- 10 kv. m., 17,9 %-i isə 11-20 kv.m. sahəyə malik olmuşdur.

 

Şərh:

Satış müəssisələrinin yarısından çoxunda oxucunun kitabla tanış olması üçün (heç olmasa kitabı ayaq üstə vərəqləməsi) heç bir şərait yoxdur.

 

 

Diaqram 14.

 

Sizin müəssisəniz neçə ildir kitab satışı ilə məşğuldur sualına rəyi soruşulanların yarısından çoxu 7 ildən çoxdur ki bu işlə məşğul olduğunu qeyd edir. Bu da onu göstərir ki, bu sahədə fəaliyyət göstərən müəssisələr artıq müəyyən təcrübəyə malikdir.

 

Şərh:

İllər üzrə düzsək bu kitab satışı müəssisələrinin təqribən yarısının 1997-ci ilədək açıldığını görərik. Sonrakı iki il (1998-99) kitab satışı üzrə ən uğursuz illər olub. Bu illər ərzində ölkədə ən az sayda kitab mağazası işə başlayıb. 2000-2001-ci illərdə əvvəlki iki ilə nisbətən 3 dəfə artıq mağaza açılıb. 2003-2004-cü illər isə bu sürət təqribən 40 % azalmışdır. Kitab mağazalarının açılması dinamikası əslində ölkənin həmin illər sosial-iqtisadi durumunu əks etdirir.

 

 

Diaqram 15.

 

Satışda neçə adda kitabınız var sualından məlum olur ki, rəyi soruşulan müəssisələrin 42,7 %-də 500-dən çox adda kitab var. Müəssisələrin 28,6 %-də 100-500 adda kitab var.

 

Şərh:

Tədqiqatdan görünür ki, mağazaların təqribən üçdə birinin yalnız 100-dək adda kitabı var. Bu daha çox lotok tipli satış yerlərinə aiddir. Tədqiqat başqa bir nəticəyə də gəlməyə əsas verir: satış yerlərində kitablar çox sıxdır, ona görə də oxucunun kitab seçməsi çox çətindir. O, belə satış müəssisələrindən yalnız haqqında məlumata malik olduğu kitabın olub-olmadığını soruşa bilər. Başqa sözlə kitab satışı müəssisələri yeni kitabların təbliğatçısı rolunu oynaya bilmir.

 

Diaqram 16.

 

Multicavab formasında olan tədqiqatın nəticələrindən göründüyü kimi Azərbaycanda nəşr olunan kitablar rəyi soruşulan kitab satışı müəssisələrinin hamısında satılır. Həmin müəssisələrin 64,3 %-ində isə həm də xaricdə (Əsasən Rusiya və qismən başqa ölkələrin kitabları) nəşr olunan kitablar satılır.

 

 

Diaqram 17.

 

Bu kitablar içərisində hansıları çoxluq təşkil edir sualına rəyi soruşulan müəssisələrin yalnız 3,6 %-i heç birinin üstünlük təşkil etmədiyini qeyd edir. 32,1 %-də yerli ədəbiyyatın və yalnız 21,4 %-i xarici ədəbiyyatın üstünlük təşkil etdiyini qeyd edir. Müəssisələrin 42,9 %-ində isə dərsliklərin üstünlük təşkil etdiyi görünür.

 

Şərh:

Kitab ticarətində bazarın dərslik satışına meyllənməsi göz qabağındadır. Bu həm də kitabların səyyar lotoklarda daha çox satıldığına işarədir (lotoklarda isə əsasən dərslik satılır). Tədqiqatlar həm də onu göstərir ki, respublikada satılan hər 5 kitabdan biri xaricdən gətirilir. Satışda olan kitabların 40 %-dən çoxunun isə dərslik olması respublikada kitab bazarında vəziyyətin o qədər də yaxşı olmadığından xəbər verir. Əhali yalnız ona ən vacib olan kitabları – dərslikləri alır.

 

 

Diaqram 18.

 

Yerli ədəbiyyatları adətən necə əldə edirsiniz sualına rəyi soruşulan müəssisələrin 67,9 %-i topdan satış müəssisələrdən əldə etdiklərini, 53,6 %-i birbaşa müəllifdən götürdüyünü, 46,4 %-i nəşriyyatlardan götürdüyünü, 7,1 % müəssisə kitabları internetlə sifariş etdiyini və yalnız 3,6 % respondent kitabları başqa yolla əldə etdiklərini qeyd edirlər.

 

Şərh:

Dərslikləri bir kənara qoysaq, bu diaqram ölkədə kitab bazarının hazırkı səviyyəsini çox gözəl xarakterizə edir. Kitab bazarı üzrə mütəxəssislərin tez-tez dillərinə gətirdikləri məsələlər, məsələn, müəlliflərin öz kitablarını şəxsən satmağa məcbur qaldıqları bu diaqramda konkret rəqəmlə ifadə olunur. Belə ki, satış müəssisələri satdıqların kitabların çox hissəsini məhz müəlliflərdən alırlar. Belə ki, normal sosial-iqtisadi quruluşlu ölkələrdə müəlliflər öz kitablarının satışı ilə nadir hallarda məşğul olur.

Qeyd:

1) Bu sorğunun suallarına cavablar da multicavab formasında olub. Yəni respondentlərin eyni zamanda bir neçə cavabı seçmək imkanı olub.

2) Satış müəssisələrinin satdıqları kitabların 67,9 %-nin topdansatış müəssisələrindən alması məsələsinə aydınlıq gətirmək üçün qeyd edək ki, söhbət əsasən orta məktəb dərslikləri satan topdan satış müəssisələrindən gedir.

 

 

Diaqram 19.

 

Tədqiqat nəticəsində məlum olur ki, kitab satışı ilə məşğul olan müəssisələrin mütləq əksəriyyəti – 96,4 %-i pulu sonradan ödəmə üsuluna (realizasiyaya götürməyə) üstünlük verir. Satıcıların yalnız 3,6 %-i pulunu əvvəlcədən ödəməklə də kitab götürə bilər.

 

Şərh:

1) Bu sorğunun nəticəsi onu deməyə əsas verir ki, kitab satıcılarının əlində artıq vəsait yoxdur. Onlar pulunu qabaqcadan verməklə müəyyən güzəştlər qazanıb sonradan daha artıq gəlir götürmək əvəzinə "realizasiyaya" deyilən üsulla kitab götürüb satmağa üstünlük verir. Bu isə satılmayan kitabı geri qaytarmağa imkan verdiyindən satışı səmərəli təşkil etmək səylərinə mənfi təsir göstərir.

2) Yüxarıda dediklərimizə bir daha əlavə eləmək istəyirik ki, kitab satışı sistemində güzəştli kreditlərə böyük ehtiyac vardır.

 

 

Diaqram 20.

 

Müəssisənizdə hansı janrdan olan kitablarınız var sualından məlum olur ki, bu müəssisələrdə əsasən müxtəlif janrdan olan kitablar satılır. Satış üzrə favorit janr yenə də dərsliklərdir. Demək olar ki, hər 10 müəssisənin 9-unda dərsliklər var. Siyahıda 2-ci yeri detektiv janrı tutur. Hər 4 müəssisənin üçündə detektiv janrından olan kitabların satıldığı göstərilir.

 

Şərh:

1) Hər hansı janr üzrə ixtisaslaşmış kitab mağazası yoxdur

2) Növbəti sorğularda orta məktəb dərslikləri ayrılmalıdır.

 

Son 3 ayda ən çox hansı adda kitab satmısınız sualına rəyi soruşulan respondentlərin cavabları aşağıdakı diaqramda göstərilir:

 

 

Diaqram 21.

Ən çox hansı müəllifin kitabları satılır sualına rəyi soruşulan respondentlərin cavabları aşağıdakı diaqramda göstərilir:

 

 

Diaqram 22.

 

Şərh:

Ümumiyyətlə müşahidə edilmişdir ki, bu tipli suallara satıcılar çox çətinliklə cavab verirlər, bəzən isə ağıllarına gələn ilk kitabın adını çəkirlər. Ona görə də kitab adı çəkəndə onlar çox vaxt lüğətlər, testlər və s. cavablarını vermişlər. Hansı müəlliflərin kitabları daha çox satılır sualına isə respondentlər Ç.Abdullayevin kitablarının adını daha çox çəkiblər. Bu, satışda Ç.Abdullayevin eyni zamanda bir-neçə adda kitabının olmasının da nəticəsi ola bilər.

 

Aşağıdakı diaqramda əks olunmuş tədqiqatın nəticəsində məlum olur ki, xarici nəşrlər yerli nəşrlərə nisbətən daha çox satılır.

 

 

Diaqram 23.

 

 

Diaqram 24.

 

Sizin fikrinizcə hansı səbəblər kitab satışının azalmasına təsir göstərə bilər sualına cavabdan məlum olur ki, satıcıların 75 %-i kitabların qiymətinin baha olmasını, 32,1 %-i kitabın zəif reklam edilməsini qeyd edir. Respondentlərin 40 %-ə yaxını kitab satışının azalmasının başqa bir səbəbi kimi digər məlumat vasitələrinin (televiziya, radio, internet) güclü inkişafını görür.

 

Şərh:

Bu diaqramın nəticələri III hissədən (nəşriyyatlar arasında keçirilmiş sorğu) çıxarılmış iki nəticəni bir daha təsdiq edir.

 

1) Kitabların qiymətinin baha olması naşirlərin vergilərdən azad edilmək kimi istəyini himayə edir;

2) Reklamın zəif olması kitab satışının səmərəli təşkil edilməməsi fikrini himayə edir.

 

 

Diaqram 25.

 

Kitab seçərkən alıcılar daha çox hansı meyarlara üstünlük verirlər sualına respondentlərin 78,6 %-i kitabın qiymətinə və KİV-də reklamına, 53,6 %-i müəllifinə, 32,1 %-i adına üstünlük verildiyini qeyd edir.

 

Şərh:

         1) Bu nəticələr də əvvəlki diaqramın və III hissənin nəticələrini təsdiq edir;

         2) Tanınmış müəllifin adının öz təsirini saxladığını göstərir.

 


Diaqram 26.

Kitab satışını artırmaq üçün hansı tədbirləri görmək lazımdır sualına rəyi soruşulanların 28,6 %-i «Kitabın reklamının təşkil edilməsi» və «Qiymətlərin tənzimlənməsinin» vacib olduğunu qeyd edirlər. 21,4 % respondent «Dövlət tərəfindən qayğının olmasını» və «Kitab nəşrinin keyfiyyətinin yüksəldilməsini» vacib hesab edirlər. Yalnız 17,9 % respondent əhalinin həyat səviyyəsinin yüksəlməsinin vacib olduğunu qeyd edir.

 

Şərh:

1) Kitab satıcıları qiymətləri tənzimləmək deyəndə, kitab satışının az rentabelli olduğunu nəzərə alaraq satışın vergilərdən azad edilməsi, güzəştli kreditlər verilməsi və kitab istehsalının maya dəyərini azalmaq üçün nəşriyyat və mətbəə işlərinə də güzəştlər tətbiq olunmasını nəzərdə tuturlar;

2) Kitab satıcılarının fikrincə reklamı təşkil etmək elə satışı düzgün qurmaq deməkdir.

Nəticə:

Beləliklə, ikinci və üçüncü hissələrin nəticələrinə görə

-      qanunvericilik yoluyla nəşriyyatların vergidən azad edilməsi;

-      kitab çapı ilə məşğul olan mətbəələrin vergilərdən azad edilməsi;

-      kitab satışı və reklamı ilə məşğul olanların vergidən azad edilməsi;

-      nəşriyyatlara, kitab satışı və reklamı ilə məşğul olanlara güzəştli kredit verilməsi;

-      hər iki kateqoriyaya dövlət sifarişləri verilməsi məqsədəuyğun görünür.

 


 

III HİSSƏ. NƏŞRİYYAT İŞÇİLƏRİ ARASINDA APARILMIŞ SORĞU

 

Sorğu Bakı şəhərində fəaliyyət göstərən 40 nəşriyyat müəssisəsinin işçiləri arasında keçirilib.

 

Tədqiqatın nəticələrindən göründüyü kimi, sorğu götürülən nəşriyyat işçilərinin 12,5 %-qadınlar, 87,5 %-i kişilərdir.

 

 

Diaqram 27.

 

Tədqiqatın nəticələrindən məlum olur ki, cavab vermiş respondentlərin çox hissəsi nəşriyyat direktorlarıdır (rəyi soruşulanların hər 3 nəfərindən ikisi). Respondentlərin 12,5 %-i redaktor, 20 %-i isə başqa nəşriyyat işçiləri olmuşdur.

 

Diaqram 28.

 

 

 

 

 

 

 

 

 

Sorğu götürülmüş nəşriyyatların 75 %-i özəl müəssisə, 17.5 %-i dövlət müəssisəsidir.

 

 

Diaqram 29.

 

Sizin müəssisədə bir ildə orta hesabla neçə adda kitab nəşr olunur sualına rəyi soruşulanların 27,5 %-i 15-dək, 25 %-i 16-dan 35-dək, digər 27,5 %-i 36 çox kitab nəşr etdiklərini bildirib. Respondentlərin 20 faizi bu suala cavab verməkdə çətinlik çəkiblər.

 


Diaqram 30.

 

Sorğudan məlum olmuşdur ki, müəssisələrin 27,5 %-nin son bir ildə nəşr etdikləri kitabların ən böyük tirajı 4000-dən çox olub. Müəssisələrin hər dördündən birində ən böyük tiraj 1000-4000 arasında, 40 %-də isə nəşr olunan ən böyük tiraj 500-lə 1000 arasında olub. Respondentlərin 7,5 faizi bu suala cavab verməkdə çətinlik çəkib.

 

 

Diaqram 31.

 

Şərh:

Diaqramdan göründüyü kimi Azərbaycanın kitab bazarı üçün hazırda ən optimal tiraj 1000-dir.

 

Sorğu nəticəsindən həmçinin məlum olmuşdur ki, müəssisələrin nəşr etdikləri kitabların ən kiçik tirajı 30-100 arasında dəyişir. Rəyi soruşulanların 47,5 %-i bunu qeyd edir. Müəssisələrin 22,5 %-i nəşr olunan ən kiçik tirajın 100-300 arasında olduğunu qeyd edir. Müəssisələrin qalan 22,5 %-i ən kiçik tirajın 300-dən çox olduğunu qeyd edir. Respondentlərin 7,5 faizi isə bu suala cavab verməkdə çətinlik çəkiblər.

 

 

Diaqram 32.

 

Şərh:

Müəssisələr üçün ən aşağı tiraj 100-ə qədərdir. Görünür rentabellik nəşriyyatlar üçün vacib amil deyil. Bəzi nəşriyyatlar hətta 30-50 ədəd də kitab nəşr edir. Bu zaman bütün «tiraja» 80-100 min manat pul alırlar. Aşağı tirajlı işlərin demək olar ki, maya dəyərinə görüldüyünü onlara xatırladıb nə üçün ən aşağı tirajlı işlərə getdiklərini soruşduqda (təbii ki, burada rentabellikdən söhbət belə getmir) onlar bunu «təki boşdayanma olmasın və işçilərə minimal əməkhaqqı verək» deyə izah edirlər.

 

Son bir ildə müəssisənizdə hansı növ ədəbiyyat nəşr olunub sualına rəyi soruşulanların 75 %-i bədii ədəbiyyat cavabını verib. Multicavablar mümkün olduğu üçün müəssisələrin 70 %-də elmi və elmi kütləvi ədəbiyyat, 47 %-də publisistika, 40 %-də lüğət və ensiklopediyaların nəşr edildiyi bildirilir.

 

 

Diaqram 33.

 

Şərh:

Bu və bundan sonrakı diaqram onu göstərir ki, bu nəticələr nəşriyyatların marağından çox, sifarişçilərin (əsasən müəlliflərin) janr mənsubiyyətini xarakterizə edir. Yəni kitab bazarında «hansı mahnı çalınacağını» sifarişçi müəyyən edir.

 

«Sizin müəssisəniz müştərilərlə hansı şərtlərlə işləyir?» sualına rəyi soruşulanların 75 %-i kitabın nəşrini, multicavab mümkün olduğundan 70 %-i həm də dizayn və redaktə işini təşkil etdiklərini qeyd edib. Müəssisələrin cəmi 10 %-i kitabların satışını da təşkil etdiyini bildirib.

 

 

Diaqram 34.

 

Şərh:

1) Bu diaqram Azərbaycanın kitab bazarı sahəsində qeyri-normal vəziyyətin yarandığını bir daha sübut edir! Göründüyü kimi nəşriyyatlar bütün dünyada olduğu kimi, əsasən satış üçün yox, müəllif üçün kitab çap edir;

2) Deməli ixtisaslaşmış kitab yayımı şirkətlərinə böyük ehtiyac var.

 

Sizcə kitab nəşrinin azalmasına nə səbəb ola bilər sualına rəyi soruşulanların 47,5 %-i kitab satışının səmərəli təşkil olunmamasını qeyd edir. Respondentlərin 32,5 %-i buna müəlliflərin və nəşriyyatların iqtisadi durumunun səbəb olduğunu qeyd edir. Rəyi soruşulanların 22,5 %-i oxucuların nəşrlərə marağının azalmasının da səbəb ola biləcəyini qeyd edir.

 

 

Diaqram 35.

 

Şərh:

Bu diaqramdakı göstəricilər əvvəlki sualın cavablarını bir daha təsdiq edir:

 

1) Respublikada kitab satışı səmərəli təşkil edilməyib;

2) Ölkə nəşriyyatları öz vəsaiti ilə kitab nəşr etmir;

3) Fikrimizcə bu diaqramın ən əhəmiyyətli nəticəsi isə budur: kitab nəşri sahəsində vəziyyətin acınacaqlı olmasının əsas səbəbləri cəmiyyətdə yaranmış yanlış stereotipdə olduğu kimi – əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və ya latın qrafikasına keçilmə və s. ilə deyil, məhz kitab satışının səmərəli təşkil olunmaması, yəni kitab satışı sisteminin pozulması ilə izah olunur.

 

Sizcə yerli nəşriyyatların fəaliyyətini yaxşılaşdırmaq üçün hansı tədbirləri həyata keçirmək lazımdır sualına rəyi soruşulanların hər 5 nəfərdən biri nəşriyyatlara bank kreditlərinin verilməsinin lazım olduğunu qeyd edir. Respondentlərin 17.5 %-i nəşriyyatlara dövlət tərəfindən qayğının olmasının vacibliyini bildirir. Bunula eyni sayda respondent müəssisələr kitab nəşrlərinin keyfiyyətini artırılmalıdır cavabını verir. Respondentlərin böyük bir hissəsi isə bu sualın cavabını ümumiyyətlə bilmir.

 

 

Diaqram 36.

 

Şərh:

Son iki bənd göstərir ki,

 

1) Köhnə ələbaxımlıq psixologiyası ilə, yeni biznesə yardım psixologiyası yanaşı gedir;

2) Kitab satışının səmərəli təşkil edilməməsi əsas səbəblərdən biri kimi qalır. Bu diaqram əslində ölkədə nəşriyyatlar sahəsində vəziyyətin o qədər də ürəkaçan olmamasını sübut edir. Nəşriyyat sahəsində qeyri-professionallıq hökm sürür, bunu o təsdiq edir ki, respondentlərin 35 %-i ümumiyyətlə yerli nəşriyyatların fəaliyyətini yaxşılaşdırmaq üçün hansı tədbirlər həyata keçirmək lazım olduğunu bilmir.

Qeyd:

1) Fikrimizcə diaqramda əks olunmayan bir problem barədə danışmaq yerinə düşərdi. Məlumdur ki, respublikada kağız istehsalı yoxdur. Kənardan gətirilən kağızın qiyməti isə müxtəlif obyektiv və subyektiv səbəblərdən çox bahadır. Bu sahədə inhisar da olduğundan bəzən kağızın qiyməti dünya qiymətlərindən qat-qat artıq olur. Hökumət bu problemi qəzetlər üçün qismən yüngülləşdirsə də (qəzet kağızı ƏDV-dən azaddır) kitab çapı üçün bahalı kağız problemi kəskinliyi ilə mövcuddur. Əlbəttə çap olunan kitabın maya dəyəri kağızın qiymətindən birbaşa asılıdır. Fikrimizcə, kağız idxalına inhisara son qoyulmalı və kağıza qoyulmuş ƏDV aradan qaldırılmalıdır.

2) Ən yaxşı kredit üsullarından biri də dövlət sifarişidir (məsələn, transliterasiya ilə bağlı olan Prezident fərmanına uyğun layihə), lakin tender elə təşkil edilməlidir ki, bü sifariş bir və ya iki şirkətə deyil daha çox sayda nəşriyyat arasında paylaşdırıla bilsin.

 

«Azərbaycandakı nəşriyyat haqqında qanunlara müəyyən düzəlişlərin edilməsinə ehtiyac varmı?» sualına rəyi soruşulanların 55 %-i bu qanuna müəyyən düzəlişlərin edilməsinə ehtiyac olduğunu bildirir. Rəyi soruşulanların yalnız 7,5 %-i bu qanunlara dəyişikliklərə ehtiyac olmadığını qeyd edir.

 

 

Diaqram 37.

 

Şərh:

         Diaqramdan görünür ki, nəşriyyat işçilərinin böyük bir hissəsinin nəşriyyat           haqqında qanundan məlumatı yoxdur. Çünki respondentlərin bir hissəsi bu          suala heç cavab verməyib və ya bilmirəm cavabı verib.


«Azərbaycanda nəşriyyat haqqında qanuna hansı düzəlişlərin edilməsinə ehtiyac var?» sualına rəyi soruşulanların 38,3 %-i müəssisələrin vergilərdən azad olunmasını qeyd edir. Bununla eyni miqdarda respondent vergilərin düzgün tətbiq edilməsinə fikir verilməsi və nəşriyyatların kadr siyasətinə düzgün yanaşmalı olduqlarını qeyd edir.

 

 

Diaqram 38.

 

Şərh:

Diaqramdan onu görmək olur ki, nəşriyyatlar daha ciddi iqtisadi-sosial dəyişikliklər əvəzində qanunda əsasən maliyyə sahəsində qanunvericilik tədbirləri tələb edir. Ola bilsin ki, bu dolayısı ilə nəşriyyatların öz hesabına kitab çap etmək istəklərinin təzahürüdür.

 

-----------------------------

© "Kitab Klubu" MMC, AZ1001, Bakı, Mustafa Sübhi, 13 |  Tel: 4-92-12-38, 050/213-56-30

www.kitabklubu.org | mail@kitabklubu.org