Kitab Klubunun 2004-2(4) saylı “Azərbaycan nəşrləri” kataloqu üzrə bələdçi

“Azərbaycan nəşrləri” kataloqu ildə 4 dəfə nəşr edilir. 2004-2(4) saylı “Azərbaycan nəşrləri” kataloqunun 36 səhifəsində son aylarda respublikada işıq üzü görmüş kitablar haqqında məlumat verilib. Üz qapağının 2-ci səhifəsinə kataloqda məlumatların yerləşməsi sxemi və sahələr üzrə rubrikaların mündəricatı daxil edilib.
36-cı səhifədə verilmiş ad göstəricisində kitabların adı 3 sütunda əlifba sırası ilə düzülüb. 3-cü sütunun 2-ci hissəsində rus dilində çap olunmuş kitablar həmçinin əlifba sırası ilə yer alıb. 35-ci səhifədə Kitab Klubunun “Azərbaycan nəşrləri” kataloqu haqqında məlumat, Kitab Klubunun kitabsevərlərə müraciəti, yeni nəşrlərini “Azərbaycan nəşrləri” kataloqunun növbəti saylarında görmək arzusunda olan naşir və müəlliflər üçün kitabların yerləşdirilmə qaydaları dərc edilib.
Kataloqun bu sayındakı yeniliklər sırasında üz qapağının yeni dizaynını, yeni rubrikanın - “İncəsənət ” bölməsinin açılmasını və Kitab Klubunun İnternet səhifəsi haqqında məlumatı göstərmək olar.

Üz qapağının 2-ci səhifəsində “Nurlan” nəşriyyat-poliqrafiya müəssisəsinin təsisçisi və direktoru, filologiya elmləri doktoru Nadir Məmmədlinin 45 yaşı tamam olması münasibəti ilə məlumat verilib. Kataloqda Kitab Klubunun 3 yeni nəşri haqqında anonslar dərc olunub:
- 16-cı səhifədə Üzeyir bəy Hacıbəyovun Seyran Ağabəyov tərəfindən ingilis dilinə tərcümə olunmuş “O olmasın, bu olsun!” musiqili komediyasının anonsu;
- 20-ci səhifədə ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Beynəlxalq əlaqələr” sorğu kitabının anonsu;
- 33-cü səhifədə Pərviz Rzaquliyevin “Sinədən gəlir bu zəhrimar” adlı illüstrasiyalı satirik şer və təmsillər kitabının anonsu yerləşdirilib.

Nəhayət, Web - səhifənin qonaqları kataloqun 10-cu səhifəsində Kitab Klubunun Web-səhifəsi, 19-cu səhifəsində “Tutu” nəşriyyatının “Sehrli nağıllar” kitabı, 25-ci səhifəsində “Min bir mahnı” MMC, üz qapağının 3-cü səhifəsində “BESTCOMP GROUP” şirkəti, sonuncu səhifəsində isə “Əbilov, Zeynalov və oğulları” nəşriyyat-poliqrafiya evi haqqında reklam xarakterli məlumatlarla tanış ola bilərlər.
Qonaqları müəyyən statistik məlumatlarla da tanış edə bilərik. “Azərbaycan nəşrləri” kataloqunun təqdim edilən sayına 54 nəşriyyatda işıq üzü görmüş 330 kitab daxil edilib. 29 nəşri ilə liderliyi “Nurlan” nəşriyyatı ələ alıb. 2-ci yer ”Adiloğlu”, 3-cü yer isə “Elm” nəşriyyatına məxsusdur. “Qanun” və “Şirvannəşr” 4-cü və 5-ci yerləri bölüşdürüb. Müəlliflərdən 12 nağıl kitabı “Uşaq ədəbiyyatı” bölməsində təqdim olunan Gülzar xanım İbrahimovanı, 3 bölmədə 11 kitabı ilə yer tutan Nazim bəy Məmmədbəyovu qeyd etmək istərdik.

Kataloqun bölmələrini nəzərdən keçirək. “Elmi və elmi-kütləvi” bölməyə - 65, “Dərsliklər və dərs vəsaitləri” bölməsinə -27, “Lüğətlər və ensiklopediyalar” bölməsinə - 17, “Bədii ədəbiyyata” – 106, “Publisistikaya” – 63, “Hüquq, iqtisadiyyat, menecmentə” - 18, “Uşaq ədəbiyyatına” – 20, yeni açılmış “İncəsənət” bölməsinə isə 8 kitab və 1 albom haqqında məlumatlar daxil edilib.

Xoş gəlmişsiniz!

Həmişə Siz gələsiniz!