Konfranslar

Kitab Klubu 2006-cı il aprel ayının 21-də
“Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları”
adlı elmi-praktik konfrans keçirdi

Konfransa kitab işi ilə əlaqədar olan 33 müəssisənin nümayəndələri dəvət edilmişlər. Konfransın işində onlardan Əlövsət Osmanlı (“Pedaqoqika”), Nadir Məmmədli (“Nurlan”), Qeys Zeynalov (“Əbilov, Zeynalov və oğulları”), İslam Sadiq (“Azərnəşr”), Rafiq İsmayılov (“Altun Kitab”), Nəriman Əbdülrəhmanlı (“Qanun”), Qəşəm İlqar (“Nərgiz”), Rizvan Ələsgər (“Tutu”), Faiq Əliyev (“Təhsil”), Cəsarət Qasımov (“CBS”), Məhbubə Əliyeva (“TQDK”), Bayram Allahverdiyev (BDU Kitabşünaslıq, nəşriyyat və redaktə etmə kafedrasının müdiri) Elman Mustafayev (97 saylı kitab mağazası) iştirak etmişlər. Konfransda həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Açıq Cəmiyyət İnstitutunun nümayəndələri Tehran Vəliyev və Fəğan İbrahimov iştirak etmişlər.
Kitab klubunun direktoru Elxan Rzayevin məruzəsi müzakirə edilmiş, təklif edilən sənəd layihələrinə müəyyən düzəlişlər edilmiş və onlar aşağıdakı variantda qəbul edilmişdir.
 

KONFRANSIN QƏTNAMƏSİ

 

"Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" elmi-praktik konfransın iştirakçıları kitab işi ilə əlaqədar əsas problemlərin

- nəşr edilən kitablar haqqında potensial oxucunun məlumatının azlığı;
- kitab məmulatının baha olması;
- kitab piratçılığı;
- kitab bazarının öyrənilməsi sahəsində tədqiqatların aparılmaması;
- kitab satışı şəbəkəsinin bərbad vəziyyəti;
- kitab bazarı subyektlərinin fəaliyyətlərini bir-biri ilə uzlaşdırmaması;
- yeni çap texnologiyalarının idxalı üçün gömrük rüsumunun yüksək olması;
- korrupsiyanın nəşr işinə mənfi təsirinin nəticəsi olduğunu qəbul edir və bu problemlərin həlli istiqamətində
- kitab tanıtımı sahəsində ixtisaslaşmış informasiya vasitəsinin yaradılması və ya mövcud informasiya vasitələrinin inkişafına yardım
- internet şəbəkəsində ümumi reklam məkanının yaradılması və ya bu sahədə artıq mövcud olan vasitələrin inkişaf etdtrilməsinə yardım
- kitab bazarının öyrənilməsi ilə əlaqədar dövri layihələrin tərtibi və həyata keçirilməsi işinə yardım
- ümumi kitab satışı və tanıtımı müəssisələrinin yaradılması
- piratçılığa yol verilməməsi və ona qarşı birgə mübarizə
- kitab işi ilə əlaqədar ortaya çıxa biləcək digər problemlərin həlli istiqamətində fəaliyyətin uzlaşdırılması kimi tədbirləri həyata keçirmək üçün səylərini artiracaqlarını bildirirlər.

Konfrans iştirakçıları kitab bazarının və kitab işinin inkişafı məslələri ilə əlaqədar aşağıdakı konkret müraciətləri və niyyət protokolunu qəbul etdilər:
1. KİV-lərə kitabla bağlı verilişlərin sayının artırılması və kitab işi ilə əlaqədar reklamın qiymətinin aşağı salınması haqqında müraciət
2. Kitab işi ilə əlaqədar problemlərin aradan qaldırılmasında yardımçı olacaq təkliflərlə Azərbaycan hökumətinə müraciət
3. Piratçılığa yol verilməməsi və ona qarşı birgə mübarizə aparılması haqqında niyyət protokolu.

* * *

"Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" elmi-praktik konfransın iştirakçılarının kütləvi informasiya vasitələrinə müraciəti oxundu.

 

"Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" elmi-praktik konfransın
iştirakçılarının kütləvi informasiya vasitələrinə
MÜRACİƏTİ


Hörmətli KİV rəhbərləri və əməkdaşları

Bildiyiniz kimi millətin mənəvi, əxlaqi və elmi dünyagörüşünün formalaşmasında kitabın rolu əvəzedilməzdir. Xalqımız hər zaman bu vasitədən həvəslə istifadə etmişdir. Lakin son illər kitab oxumağa olan meyl zəifləmişdir. Tədqiqatlar göstərir ki, digər obyektiv amillərlə yanaşı belə vəziyyətin əsas səbəblərindən biri də nəşr olunan kitablar haqqında potensial oxucuya kifayət qədər məlumatın çatdırılmamasıdır. Ölkəmizdə hər altı ay ərzində təqribən 400 adda yeni kitabın (orta məktəb dərsliklərindən əlavə) nəşr olunması haqqında məlumatı eşidən hər bir səriştəli oxucu belə əvvəl buna inana bilmir. Çünki nəşr edilən kitablar haqqında məlumat onlara çatmır.
Şübhəsiz ki, məlumatın toplanması və yayılması işinin liderləri məhz KİV-lərdir. Ona görə də "Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" konfransının iştirakçıları olan naşirlər, mətbəə, kitab reklamı və yayımı işçiləri sizə müraciət edir və
- informasiya vasitələrinizdə kitabın təbliğinə həsr edilmiş verlişlərin sayı və həcmini artırmaq
- kitab reklamı üçün ayrılan efir vaxtının və qəzet (jurnal) yerinin qiymətini aşağı salmaqla

xalqımızın dünya görüşünün formalaşması, savadının artırılması, mənəvi cəhətdən zənginləşməsi işinə öz dəyərli töhfənizi verməyi xahiş edir.

* * *

"Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" elmi-praktik konfransın iştirakçıları Azərbaycan hökumətinə müraciət hazırladılar.

 

"Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları"
elmi-praktik konfransın iştirakçılarının Azərbaycan hökumətinə
MÜRACİƏTİ


Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri

Ölkəmizin vətəndaşlarının kitaba olan münasibətinin ümummilli məslələrə – mənəviyyatın formalaşmasına, elmi və mədəni səviyyənin artmasına, dünya görüşünün formalaşmasına güclü təsirini nəzərə alaraq "Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" konfransının iştirakçıları olan naşirlər, mətbəə, kitab reklamı və yayımı işçiləri sizə müraciət edir.
Kitab bazarının vəziyyətinin öyrənilməsi ilə əlaqədar aparılmış sorğuda iştirak edənlərin böyük bir hissəsi kitab məmulatının baha olmasından şikayətlənir. Özü də bu məsələdə oxucuların, nəşriyyat işçilərinin və kitab satanların fikri üst-üstə düşür. Kitabın qiymətinin aşağı salınması ona çəkilən xərclərin, yəni maya dəyərinin aşağı salınması ilə bağlıdır. Burada əksəriyyətin razılaşdığı məsələ ondan ibarətdir ki,

- kağız istehsal etməyən ölkəmizə idxal edilən kağıza, mətbəə işində istifadə edilən materiallara, yeni mətbəə texnologiyasına gömrük rüsumunun azaldılması;
- kitab işi ilə məşğul olanlara, o cümlədən nəşriyyatlara, poliqrafiya müəssisələrinə, kitab reklamı və yayımı (ticarəti) müəssisələrinə vergi güzəştləri edilməsi və ya güzəştli kredit verilməsi;
- Kitab satışı şöbələri açan və işlədən istehlak malları mağazalarına müəyyən vergi güzəştlərinin edilməsi

ölkəmizdə sivil kitab bazarının formalaşmasına, xalqımızın savadının, elmi və mədəni səviyyəsinin artmasına güclü təkan olardı.

Nəşriyyat və poliqrafiya müəssisələrinin maddi vəziyyətinin yaxşılaşdırılması və deməli onların öz maliyyə vəsaiti hesabına kitablar nəşr edib, xalqımıza təqdim etməsinə kömək göstərməyin bir yolu da dövlət sifarişləridir. Lakin dövlət sifarişləri üçün keçirilən tenderlərin cari qaydası onlardan daha səmərəli istifadə edilməsinə imkan vermir. Hesab edirik ki,
- Kitab nəşri üzrə dövlət sifarişləri açıq tender yolu ilə həyata keçirilməli, sifariş bir yox, ön yerləri tutmuş bir neçə iştirakçı arasinda paylanmalıdır.

"Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" konfransının iştirakçıları bu təklifləri nəzərdən keçirməyinizi və uyğun tədbirlər görməyinizi xahiş edirlər.


* * *

Sonda Konfransın iştirakçıları “Piratçılığa yol verilməməsi və ona qarşı birgə mübarizə aparılması haqqında” Niyyət Protokolu imzaladılar.

Piratçılığa yol verilməməsi və ona qarşı birgə
mübarizə aparılması haqqında


NİYYƏT PROTOKOLU


"Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" konfransının iştirakçıları hesab edirlər ki, kitab məmulatının maya dəyərinin yüksək olmasının yaratdığı mühüm problemlərdən biri də kitab nəşrində priatçılıqdır.
Satılmaq imkanı böyük olan keyfiyyətli kitabların keyfiyyətsiz surətlərinin çıxarılması və bu zaman nəşriyyat işinə və müəllif qonorarına pul xərclənməməsi piratçılıq yoluyla çap edilən kitabları daha ucuz edir, iqtisadi vəziyyətin çətinliyi isə əhalini bu kitabları keyfiyyətinə fikir vermədən almasına gətirir.
Piratçılıq oxucunun zövqünü korlayır, normal yolla nəşr edilən kitabların satışına mane olur, nəşriyyatı və müəllifi gələcək kitablara istifadə eddə biləcəyi maddi imkanlardan məhrum edir.
Ona görə də "Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları" konfransının iştirakçıları öz üzərlərinə piratçılıqla məşğul olmamaq və piratlara qarşı birgə mübarizə aparmaq öhdəliyi götürürlər.

Qeyd: Sənədlər imza üçün açıqdır.