|
«Quş dili»ndə yazılmış yeganə kitab
Müəllifi olduğum «Batini-Quran» kitabı bu yaxınlarda çapdan çıxmış və
oxucuların müzakirəsinə verilmişdir.
«Batini-Quran» kitabı öz mənbəyini İslamda «Batini cərəyanı» adlandırılan və
İbrahim peyğəmbərin Həcərdən olan oğlu İsmailin gizli elmindən götürmüşdür.
Qurana görə İsmail, Atası İbrahimlə birlikdə Beytin təməlinin yüksəlməsində
iştirak etmiş və buna görə də qədim sirləri bilmişdir. İsmailin «Batini»
elmi də bu mənada ismaililərin və nizarilərin elmi kimi qəbul olunmuşdur ki,
onlara bu ad dinin qədim sirlərini bildikləri üçün verilmişdir. Ümumiyyətlə,
İsmailiyə ideologiyasının əsasını təlimin iki istiqaməti təşkil edir ki, bu
da adi insanlar üçün nəzərdə tutulmuş «Zahiri» və yalnız seçilmişlər (xass
bəglər), yəni Quranda «anlayan tayfa» adlandırılan aqillər nəsli üçün olan
«Batini» təlimidir. «Batin» adı - Allahın 99 şərəfli adlarından biridir və
«örtülü», «gizli» deməkdir. Onun əksi isə hamıya aydın olan «Zahir»dir
(aşkar). İsmailiyənin gizli olan Batini hissəsi, alleqoriyalarda gizlənmiş
gizli mənanın – hərflərin və rəqəmlərin mistik izahı ilə bağlıdır.
Deyilənə görə, Peyğəmbər demişdir: «Kim ki, müqəddəs yazıları ağılla izah
edir və təfsirdə düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir». Bu o
deməkdir ki, adi məntiqlə Quranın Batini izahını vermək qeyri mümkündür.
Buna yalnız sufi məqamlarını qalxmış mürid nail ola bilər. Bu mənada
«Batini-Quran» kitabı sufiliyin ən ali məqamı olan «bəglik» («bəqa»)
məqamında yazılmış və qədim dövrün bütün yazılarına elmi izah verən yeganə
kitabdır. Əgər Quran kitabı İslam dininin məbədgahıdırsa, «Batini-Quran» -
bu məbədgahın giriş qapısıdır. Yalnız bu qapıdan keçəndən sonra «İslam
aləmi»ni dərk etmək mümkündür. Əgər Quran, Tövrat, İncil və s. müqəddəs
kitablar yalnız «anlayan tayfa» üçün nəzərdə tutulmuşdursa, «Batini-Quran»
kitabı - riyazi təfəkkürə, oxuduğunu dərk etmək qabiliyyətinə malik bütün
insanlar üçün nəzərdə tutulmuşdur. Qədim mətnlərin (qədim Misir yazılarından
tutmuş «Kitabi-Dədə Qorqud» abidəsinə qədər) əsil mənasını yalnız bu kitabı
dərk etdikdən sonra başa düşmək mümkündür. Əks halda heç kəs Quranda,
Tövratda, İncildə və s. müqəddəs kitablarda söhbətin belə nədən getdiyini
anlaya bilməz. Çünki bu yazılar müdriklər nəsli tərəfindən
rəmzləşdirilmişdir və onu yalnız bu sirləri bilənlər dərk edə bilər. Buna
görə də «Batini-Quran» kitabını qədim yazıların əlifbası saymaq olar. Bütün
qədim yazılara açar rolunu oynayan sufilərin bu dili mənbələrdə «quş dili»
adlanır və kainatı əhatə edən ilkin materiyanın və mələklərin dili hesab
edilir. Yəni, «Batini-Quran» kitabı - «Süleyman peyğəmbərin quş dili»ndə
yazılmış və bu dilin elmi izahını verən yeganə kitabdır. Bu kitabı tam dərk
etmiş insan özünü sufi müdrikləri cərgəsində hesab edə bilər. Mənbələrdə bu
elmdən söz açmazdan əvvəl onun tələbi oxucuya çatdırılır: «Göz görməyən,
qulaq eşitməyən, ürəyə dammayan və hamıdan uca olan böyük səadəti bilmək
istəyirsənsə, bu təlimin gizli saxlanmasına and iç!».
Lakin «Batini-Quran» kitabı riyazi təfəkkürə malik olmayan, əməllərini ağıla
yox, mənfəətinə hesablayan insanlar üçün qətiyyən nəzərdə tutulmamışdır.
Minilliklər boyu belə insanların bu sirləri bilməsinə qadağa qoyulmuşdur.
Buna görə də biz öz məntiqinə arxayın olmayan insanların bu kitabı oxumasını
boş vaxt sərfi hesab edirik. İstənilən halda «qəlbində ilahi nur» olmayan
insan bu bağdan bar dərə bilməyəcəkdir.
Firudin Gilar Bəg
|