|
BEYNƏLXALQ
SƏRGİLƏR
XX Beynəlxalq Tehran kitab sərgisi haqqında
Sərgi 02-12 may tarixində Tehran şəhərinin müsəllatında (namazgahında)
keçirilmişdir. Azərbaycanı Beynəlxalq Əl-Huda nəşriyyatının Bakı bölməsi və
Kitab Klubu təmsil etmişdir. Sərgidə iştirak etməyimizə şərait yaratmış
Əl-Huda nəşriyyatının Bakı bölməsinə və onun rəhbəri Mirzə Rəsul
İsmayılzadəyə, İran Mədəniyyət Mərkəzinə, İranda bizim qayğımızı çəkmiş
cənab Həsənzadəyə, Hadi İsmayılzadəyə və sərginin bütün təşkilatçılarına
minnətdarlığımızı bildirirəm.
Kitab klubu sərgiyə getməzdən əvvəl ölkəmizin nəşriyyatlarına müraciət etmiş
və sərgidə göstərilməyə layiq hesab etdikləri kitabları təqdim etməyi xahiş
etmişdi. Bizim bu xahişimizə Nurlar, Qanun, Azərnəşr, Tutu, «Əbilov,
Zeynalov və oğulları», Osmanlı yayınları, Çıraq, Altun kitab, Təhsil,
Nurlan, MSV nəşr, Multimedia Mərkəzi, Şərq-Qərb, Oka-ofset, Minbir mahnı,
Kitab klubu kimi müəssisələr müsbət cavab vermişlər və onların nəşr etdiyi
200 addan artıq kitab 20-ci Beynəlxalq Tehran kitab sərgisində nümayiş
etdirilmişdir. Mən bu müəssisələrin rəhbərlərinə öz təşəkkürümü bildirirəm.
Sərgidə bütün kitablarımıza böyük maraq göstərilmişdir. Azərbaycan
Respublikasının uzaq və yaxın tarixi haqqında məlumat daşıyan, Azərbaycan
ədəbiyyatı, Azərbaycan dilinin öyrənilməsi haqqında kitablar, uşaq kitabları
və s. xüsusi marağa səbəb olmuşdur. Təhsil nəşriyyatının «Qarabağ» kitabı
çox maraqla qarşılanmışdır. Şərq-Qərb nəşriyyatının transliterasiya proqramı
çərçivəsində buraxdığı kitablar da böyük maraq doğurmuşdur. Ümumiyyətlə bu
proqram, yəni Azərbaycan ədəbiyyatı incilərinin latın qrafikasına
transliterasiyası proqramı sərgiyə gələnlər tərəfindən böyük rəğbətlə
qarşılanmışdır.
Sərgidə Azərbaycan dilində kitab nəşr edən İran nəşriyyatları da fəal
iştirak edirdilər. Rəhbərinin verdiyi məlumata görə təkcə Əxbar nəşriyyatı
indiyə qədər 250 adda kitab nəşr etmiş və hər il 30-40 adda kitab nəşr
etməkdə davam edir.
Bu gün verilmiş ilkin məlumatlara görə Tehran sərgisində 60 ölkənin
nümayəndələri iştirak etmişdir. 2500 nəşriyyat öz kitablarını nümayiş
etdirmişdir. Təqdim edilmiş kitabların 1350-si oxucuya ilk dəfə bu sərgidə
təqdim edilmişdir. Sərgini 3,5 milyon adam ziyarət etmişdir. Sərgidə 51
milyon nüsxə kitab satılmışdır.
|