BEYNƏLXALQ SƏRGİLƏR

III BEYNƏLXALQ AŞQABAD KİTAB SƏRGİSİ


Bu ilin may ayında, XXI Tehran Beynəlxalq kitab sərgisində mən Türkmənistanın kitab bölməsinə baş çəkmişdim. Türkmənistan nümayəndə heyətinin başçısı isə “Kitab klubu”nun bölməsinə baxmışdı. O vaxta qədər mən Türkmənistanın latın qrafikasına keçdiyindən xəbərsiz idim və Türkmən dilində kitab oxumamışdım. Həmin vaxt türkmən dilində kitab oxumaq imkanı yarandı və məlum oldu ki, oxunanların 90-95 faizi sərbəst başa düşülür və türkmən dilindən Azərbaycan dilinə tərcümə deyil uyğunlaşdırma kifayət edər. Bu fikir ətrafında söhbətimiz oldu və onlar bildirdilər ki, artıq iki ildir Aşxabadda kitab sərgisi keçirilir. Sonra soruşdular ki, bizi oraya dəvət etsələr gələ bilərikmi. Mən «məmnuniyyətlə» deyə cavab verdim.
Sentyabr ayının ortalarında faksla dəvət aldım. Bizi oktyabr ayının 8-10-u arasında Aşqabada keçiriləcək, Türkmənistanın Müstəqilliyi gününə həsr edilmiş III Beynəlxalq kitab satış-sərgisinə dəvət edirdilər. Sərginin adı “Qızıl əsrin qızıl nəşrləri” idi və o, prezident Q.Berdımühəmmədovun sərəncamı ilə Türkmənistanın Dövlət Nəşriyyat Xidməti tərəfindən keçirilirdi.
Bu sərgiyə ənənəvi olaraq nəşriyyatlarla yanaşı, mətbəələr, mətbəə avadanlığı və kağız istehsalçıları, müəlliflər də dəvət edilir.
Sərgi xüsusi olaraq bu məqsədlə tikilmiş “Sərgi Köşgi” deyilən sarayda keçirilirdi. Sərgidə 22 ölkədən 108 nümayəndə heyəti iştirak edirdi. Bu il sərgidə Rusiya kitabı ili elan edildiyindən ən böyük nümayəndə heyəti də onlara məxsus idi. Bu nümayəndə heyətinin tərkibində Tatarstan Milli kitabxanası ayrıca bölmə ilə təmsil olunmuşdu. Sərgidə ABŞ, İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Tacikistan və s. ölkələrin nümayəndələri iştirak edirdi.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Milli Elmlər Akademiyası Kitabxanası (Səidə Rzayeva), “Altun kitab” nəşriyyatı (Rafiq İsmayılov), “Letterpress” nəşriyyat-poliqrafiya müəssisəsi (Cabir Əsədov), Kitab klubu (Elxan Rzayev) və tanınmış yazıçımız Elçin Hüseynbəyli daxil idi.
Mübaliğəsiz demək istəyirəm ki, Rusiyanı çıxmaqla Azərbaycan bölməsi sərginin ən zəngin bölməsi idi. Ümumilikdə Azərbaycan nümayəndə heyəti 250 addan çox kitab nümayiş etdirirdi. Bölmənin tərtib edilməsində I Aşqabad sərgisinin iştirakçısı olmuş Cabir bəy Əsədovun əməyini xüsusi qeyd etmək lazımdır.
Kitabların mövzu spektri çox geniş idi. Ona görə də ən çox maraq oyadan mövzular haqqında danışmaq istərdim. Neft və neft strategiyası, türkçülük, Azərbaycanın tarixi şəxsiyyətləri, musiqisi, görməli yerləri, Qarabağ münaqişəsi ilə əlaqədar kitablara, aşağı siniflər üçün dərs vəsaitlərinə böyük maraq var idi.
Nümayəndə heyətimizin hər bir üzvü ölkəmizin kitab işi sahəsində imkanlarını göstərmək üçün əllərindən gələni edirdi. Səidə xanım əsasən Türkmənistan Elmlər Akademiyası Kitabxanası və digər kitabxanalarla işləyir, Cabir bəy nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri ilə əlaqələr yaradır, Rafiq bəy sərgi çərçivəsində keçirilən seminar və müzakirələrdə iştirak edir, Elçin bəy Türkmənistanın və digər ölkələrin yazıçıları və müəllifləri ilə yaradıcılıq əlaqələri qurur, mən isə bölməmizlə maraqlananlara kitablar və Azərbaycanda kitab işi haqqında geniş məlumat verməyə çalışırdım.
Bildirmək istəyirəm ki, sərginin, o cümlədən də Azərbaycan nümayəndə heyətinin işi Türkmənistan mətbuatı və televiziyasında geniş işıqlandırılırdı. Azərbaycan nümayəndə heyətinin üzvləri üç gün ərzində qəzetlərə, radio və televiziyaya üst-üstə 10-dan çox müsahibə vermişlər.
Ümumilikdə götürəndə Rusiya, ABŞ, Almaniya, İtaliya nümayəndələrinə əməkdaşlıq təklifləri etmişik. Ən maraqla qarşılanan təklifimiz isə Türkmən ədəbiyyatının Azərbaycan dilində, Azərbaycan ədəbiyyatının isə türkmən dilində nəşr edilməsi, türkmən və Azərbaycan müəlliflərinin yaradıcılıq əlaqələrinin genişləndirilməsi təklifi olmuşdur. Ümid edirik ki, yaxın zamanlarda bu təklif əməli işlərə gətirəcəkdir.
Bir qədər də sərginin mədəni proqramı və Aşqabad haqqında. Sərginin açılış günü nümayəndələrin Türkmənistanın ilk prezidenti, mərhum Saparmurad Türkmənbaşının ruhu məscidinin və Niyazovlar ailəsinin məqbərəsinin ziyarət etməsi ilə başladı. Ağ mərmərlə üzlənmiş möhtəşəm məscidin döşəməsindən günbəzinin ucuna qədər məsafə 65 metrdir. Məscidi əhatə edən dörd minarədən hər birinin hündürlüyü isə 90 metrə yaxındır. Məscidin günbəzinin altında 48 pəncərə vardır ki, bunlar da 1948-ci il Aşqabad zəlzələsinə bir işarədir. Ümumiyyətlə Aşqabad zəlzələsi türkmən yaddaşından heç vaxt silinməyəcək bir hadisə olmuşdur. Onun dəhşətini hiss etmək üçün Niyazovlar ailəsinin məqbərəsinə baş çəkmək kifayətdir. Mərhum prezidentin atası II dünya müharibəsində həlak olsa da, beş nəfərlik ailənin üç üzvü, Türkmənbaşının iki qardaşı və anası 1948-ci il zəlzələsində həlak olmuşdur. Bizi apardıqları «sağlamlıq yolunda» Türkmənistanın müstəqilliyi ilə bağlı ucaldılmış «Baş baydağın (bayrağın)» altında duran bir daşın üzərindəki qeyd isə zəlzələ zamanı 160 mindən artıq insanın həlak olduğundan xəbər verirdi.
Bu gün Aşqabad külün içərisindən yenidən doğulmuş simurq quşunu xatırladır desəm yanılmaram. Sovet dönəmində tikilmiş köhnə şəhər yeni şəhərlə davam edir. Binaların hamısı özünəməxsus memarlıq üslubundadır. Şəhərin bu hissəsini «Ağ şəhər» də adlandırmaq olar, çünki, yaşayış evləri də daxil olmaqla bütün binalar ağ mərmərlə üzlənmişdir. Öz tarixini yaddan çıxarmayan türkmən xalqı Oğuz xaqandan bu yana bütün böyük oğullarını böyük abidələrdə əbədiləşdirmişdir. Uşaq Kukla teatrı, Milli Kitabxana, Universitetin Fizika fakültəsi və s. elmi və mədəni mərkəzlər yeni tikilmiş möhtəşəm saraylarda yerləşir. Aşqabadda Disneylend də var. Yeni şəhərin küçələrinə, xüsusən də onların təmizliyinə söz ola bilməz. Burada bir hadisəni qeyd etmək istəyirəm. Küçədə siqaret çəkə-çəkə getdiyimiz yerdə bir əsgər bizə yaxınlaşıb milisin yanına dəvət etdi. Milis isə bizə bildirdi ki, gedə-gedə siqaret çəkmək qadağandır. Siqareti yalnız zibil qutusunun yanında çəkmək lazımdır ki, sonra kötüyünü ora atmaq olsun.
Oktyabr ayının 27-si Türkmənistanın müstəqillik günüdür. Türkmən xalqı müstəqilliyinə böyük dəyər verir. Bizim də ziyarət edib gül dəstələri qoyduğumuz nəhəng, eyni zamanda da gözəl müstəqillik abidəsi, Göytəpədə - Türkmənistanın Rusiya tərkibinə keçməsindən əvvəl türkmənlərin rus qoşunlarına qarşı verdiyi son döyüşün yerində tikilmiş təkrarsız məscid hər bir azərbaycanlının da qürur duya biləcəyi məkanlardır.
Mən sizin vasitənizlə ağır bir yükü – qaraşsız (müstəqil) bitərəf dövlət qurmaq yükünü çiyninə almış türkmən qardaşlarımızı Müstəqillik günü münasibətilə təbrik etmək istəyirəm.
Sərginin keçirildiyi müddətdə biz uşaq folklor ansamblının ifasında türkmən mahnı və rəqsləri ilə də tanış olmaq imkanı qazandıq.


Ümumiyyətlə sərgi yüksək səviyyədə təşkil olunmuşdu. Biz də sərginin son günü axşam sərgi iştirakçılarına Türkmənistan prezidenti adından verilmiş ziyafətdə bunu qeyd etməyi unutmadıq.
Bir də Dövlət Nəşriyyat Xidmətinin müdiri cənab Çarıyevə, onun müavini Gözəl xanıma, Kitab yayımı idarəsinin rəisi Babanəzər bəyə və bütün təşkilatçılara uğurlu işlərinə görə təşəkkür etməyi və sərginin gələcəkdə eninə və boyuna inkişaf etməsini arzulamağı unutmadıq.

Elxan Rzayev
Kitab Klubunun direktoru